Üçtərəfli görüşdə nələr deyildi...


ABŞ Prezidenti Donald Tramp cümə axşamı Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə bir saatdan çox davam edən görüş keçirib. Bu görüş dünya tarixində dönüş nöqtəsi ola və ya qısa müddət sonra unudulan bir foto fürsəti kimi yadda qala bilər.
Tramp Amerikanın iki əsas rəqibi olan Si Cinpin və Putinlə ilk üçtərəfli görüşünü nüvə silahlarına nəzarət qaydalarını müzakirə etmək, həmçinin Ukrayna və İrandakı müharibələrin həlli istiqamətində addımlar atmaq imkanı kimi təqdim edib. Bununla belə, ekspertlər görüşdən ciddi nəticələr əldə olunacağı ilə bağlı gözləntiləri aşağı qiymətləndiriblər.
“Biz həqiqətən də tarix yazırıq. ABŞ, Rusiya və Çin Yer kürəsində nüvə silahlarının sayının azaldılması və bu silahlardan istifadə riskinin aşağı salınması yollarını müzakirə etmək üçün unikal mövqeyə malikdir”, – deyə Tramp bildirib.
Si Cinpin üçtərəfli görüşün əvvəlində “Dünya sülhünün təşviqi mövzusunda müzakirələr aparacağıq”, – deyə qeyd edib.
Çinin dövlət televiziyası CCTV-nin məlumatına görə, Si Cinpin tərəfdaşlarına nüvə silahlarının qadağan edilməli və məhv olunmalı olduğunu düşündüyünü bildirib. O, həmçinin nüvə silahlarından azad dünyanın qurulmasına çağırıb.
Putin isə Rusiya, Çin və ABŞ-nin İkinci Dünya müharibəsinin qalibləri kimi ortaq tarixinə toxunaraq, “Beynəlxalq sülhün qorunmasına görə birgə məsuliyyət daşıyırıq”, – deyə bildirib.
Rusiya və ABŞ arasında “New START” kimi tanınan sonuncu nüvə silahlarına dair müqavilənin müddəti fevral ayında başa çatıb. Tramp daha əvvəl Çinin də daxil olacağı “yeni, təkmilləşdirilmiş və müasirləşdirilmiş” razılaşma əldə etmək istədiyini bildirib.
Lakin Çinin nüvə arsenalında 600-dən çox döyüş başlığı olduğu halda, ABŞ və Rusiyanın hər birinin ehtiyatında 5 mindən çox döyüş başlığının olduğu ehtimal edilir. Bu fərq Pekinin nüvə silahlarına məhdudiyyət qoyulmasını qəbul etmək üçün motivasiyasını azaldır.
“Nüvə silahlarına sahib olduqdan sonra onlardan imtina etmək çox çətindir. Buna görə də bu, asan məsələ deyil”, – deyə Tramp bildirib.
Mövsüm,
AzNews.az
Dərc vaxtına görə
