MKE-nin hazırladığı ALPAY-D sisteminin PUA ilə səhra sınaqları tamamlanıb


Türkiyə Müdafiə Nazirliyi MKE tərəfindən hazırlanan ALPAY mina sahələrində keçid açma sisteminin hava versiyası olan ALPAY-D-nin PUA ilə keçirilən səhra sınaqlarının uğurla başa çatdığını açıqlayıb.
Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Zeki Aktürk həftəlik mətbuat brifinqində ALPAY-D sisteminin PUA ilə fəaliyyət göstərməsi üçün keçirilən səhra sınaqlarının uğurla tamamlandığını bildirib.
Aktürk sistemin piyada bölmələrinin təhlükəsiz keçidini təmin etmək məqsədilə istifadə edilməsinin nəzərdə tutulduğunu qeyd edib.
MKE tərəfindən hazırlanan ALPAY əməliyyat bölgələrində motorlu və piyada bölmələrin mina döşənmiş ərazilərdən təhlükəsiz keçidini təmin etmək üçün hazırlanıb.
Quru platformaları ilə istifadə edilən mövcud ALPAY sistemi raket dəstəkli partlayıcı xətt vasitəsilə mina sahələrində təhlükəsiz keçid dəhlizi yaradır.
Mövcud ALPAY sistemi 400 kiloqram C-4 partlayıcı maddədən istifadə etməklə uzunluğu 100 metr, eni 10 metr və dərinliyi 1 metr olan sahədəki minaları zərərsizləşdirə bilir.
Sistem üçün 99 faiz təmizləmə etibarlılığı açıqlanıb. Onun tank əleyhinə və piyada əleyhinə minalara qarşı effektiv olduğu bildirilir.
ALPAY-ın hava versiyası olan ALPAY-D-nin hazırlanması ilə sistemin PUA-lar vasitəsilə fəaliyyət göstərməsi üçün yeni imkan əldə etməsi hədəflənir.
PUA ilə keçirilən səhra sınaqlarının tamamlanması mina sahələrində keçid açılması əməliyyatlarında hava platformalarından istifadəyə doğru mühüm mərhələ kimi qiymətləndirilir.
ALPAY-D-nin texniki xüsusiyyətləri, daşıma qabiliyyəti və əməliyyat mənzili ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə

Report+1 mənbə