Livanda “Hizbullah”ın 5 üzvünə ağır ittihamlar irəli sürülüb


BAKI, 20 noyabr. TELEQRAF
Livanda “Hizbullah” təşkilatının beş üzvünə dövlət təhlükəsizliyinə təhdid yaratmaq və silahlı şəxslər cəlb etmək ittihamları irəli sürülüb.
Teleqraf xəbər verir ki, bu barədə “Naharnet” portalı məhkəmə mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Livanın ali hərbi prokuroru Klod Qanem noyabrın 10-da Bşerri bölgəsində saxlanılan beş nəfər barəsində ittiham irəli sürüb.
İstintaqın məlumatına görə, saxlanılan şəxslər “Hizbullah” üçün yeni döyüşçülər cəlb etmək, onları hərbi hazırlıqdan keçirmək, qanunsuz silahlı birləşmə yaratmaq və silah saxlamaqda şübhəli bilinirlər. Onların təxribat əməliyyatı hazırladıqları da ehtimal olunur.
Prokuror təşkilatın Livanın şimalındakı rəhbəri şeyx Rida Əhməd də daxil olmaqla daha üç nəfəri dindirməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl “Hizbullah”ın 13 üzvü 500 kiloqramdan çox partlayıcı maddənin qanunsuz daşınması ilə bağlı istintaqa cəlb olunub.
Livan Prezidenti Cozef Aun isə noyabrın 18-də “Hizbullah”ı silahlarını milli orduya təhvil verməyə və ölkəni yeni müharibəyə sürükləməməyə çağırıb.