ABŞ və Avropada qiyamət hazırlığı: fövqəladə vəziyyət ləvazimatlarına tələbat 450 faiz artıb


Artan təhlükəsizlik və müharibə narahatlıqları, iri miqyaslı böhran ehtimalları və texnoloji nasazlıqlar ABŞ və Avropada əhalini tədbir görməyə vadar edib. İnsanlar mümkün fəlakətlərə qarşı su, konservləşdirilmiş və uzunömürlü qida, batareya, ratsiya, generator və su filtrləri ehtiyatı toplamağa başlayıblar.
Milli.Az xəbər verir ki, fövqəladə vəziyyət avadanlıqları satan "Survival Frog" şirkətinin qurucusu Bayron Uokerin "Axios"a verdiyi məlumata görə, şirkətin 27 oktyabr - 16 noyabr tarixlərindəki satışları əvvəlki həftələrlə müqayisədə 450 faiz yüksəlib. Alıcıların mühüm hissəsini yeni müştərilər təşkil edir, mağazalarda isə düyü, içməli su və konservlərə tələbat artıb.
Nəqliyyat, rabitə, ticarət və səhiyyə sahələrində son həftələr baş verən texniki problemlər rəsmilər tərəfindən bir-birindən ayrı hadisələr kimi qiymətləndirilsə də, kritik infrastrukturun sıradan çıxa biləcəyi ehtimalı ehtiyat toplama meylini gücləndirib. Qrinviç Universitetinin tədqiqatçısı Maykl Millsin sözlərinə görə, ictimai düzənə inamın zəifləməsi ənənəvi fəlakət hazırlığını daha geniş miqyaslı ssenarilərə hazırlığa çevirir. Sosial mediada "Qiyamət Kraliçası" kimi tanınan Krystal da məsləhət axtaranların və paylaşımlarına marağın ikiqatdan çox artdığını bildirib.
Uokerin sözlərinə göre, Böyük Britaniya və Avropa İttifaqının ev təsərrüfatlarına ən azı üç günlük təməl ehtiyat saxlamaq çağırışları, eləcə də Pentaqonun mülki infrastruktur işləmədiyi halda hərbi obyektlərin ən azı 90 gün fəaliyyətini davam etdirməsini nəzərdə tutan planı satışlara təsir edib.
Digər tərəfdən, ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" efirində yaxın vaxtlarda ciddi böhran gözləmədiyini deyərək sığınacaq tikməyə və ya ərzaq-su ehtiyatı yığmağa ehtiyac görmədiyini bildirib. Krystal isə bu fikirlə razılaşmayaraq hazırlıqlı olmağın narahatlığı azaltdığını vurğulayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Dərc vaxtına görə
