“TVP World”un Azərbaycanı yenə hədəf almasının sirri


95 18.11.2026 15:37 Siyasət A A
Varşavanın ikili siyasəti Bakı ilə münasibətlərdə etimad böhranı yaradır; Polşanın Cənubi Qafqaz siyasətindəki ziddiyyətlər getdikcə dərinləşir
Polşanın “TVP World” telekanalında Azərbaycanla bağlı yayımlanan materialların məzmunu yenidən suallar doğurur. Kanalın son süjetlərində Azərbaycanın Türkiyə ilə münasibətləri, dini siyasəti və xarici siyasət prioritetləri əsasən ziddiyyətlər prizmasından təqdim olunur.
“TVP World”un başqa bir süjetində Qafqaz Universitetinin professoru Qriqol Culuxidze Azərbaycanın dünyəvi dövlət modelini və Türkiyə ilə münasibətlərini qərəzli şəkildə şərh edib. Rusiyanın da bu süjetlərə daxil edilməsi xüsusi diqqət çəkir. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən danışarkən Moskvanın xatırladılması guya Bakının geosiyasi seçim qarşısında qaldığı görüntüsünü yaradır. Halbuki Azərbaycan Türkiyə ilə müttəfiqliyini də, Rusiya ilə qonşuluq münasibətlərini də öz milli maraqları əsasında qurur. Bu münasibətləri bir-birinə qarşı qoymaq Azərbaycanın müstəqil xarici siyasətini düzgün qiymətləndirməməkdir.
“TVP World”un informasiya siyasəti artıq Bakı tərəfindən diplomatik səviyyədə də tənqid olunub. 2026-cı ilin avqustunda Polşanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və telekanalın materiallarından birinə görə etiraz bildirilib. Polşa tərəfi isə redaksiya müstəqilliyini əsas gətirib. Bakıya qarşı ətrafında yeni mübahisələrin yaranması göstərir ki, diplomatik etiraz hələlik redaksiya yanaşmasını dəyişməyib. Maraqlıdır ki, telekanalın öz fəaliyyəti də Polşada maliyyə qalmaqalı ilə bağlı müzakirə olunur. Polşa mətbuatının məlumatına görə, Mərkəzi Antikorrupsiya Bürosu proqramların istehsalının kənar şirkətlərə sifarişi zamanı mümkün qanun pozuntuları ilə bağlı prokurorluğa materiallar göndərib. Ayrı-ayrı layihələrə milyonlarla zlotı xərclənməsi və bəzi proqramların aşağı baxış göstəriciləri ictimai müzakirələrə səbəb olub. Belə bir vəziyyətdə telekanalın başqa ölkələrə obyektivlik və demokratiya dərsi keçməsi müəyyən suallar yaradır. İctimai yayımçı ilk növbədə öz redaksiya standartlarına, maliyyə şəffaflığına və ictimai etimada diqqət yetirməlidir. TVP Polşa dövlətinin mülkiyyətində olan ictimai yayım şirkətidir. Onun beynəlxalq media strukturu olan Xarici Media Mərkəzi TVP World, Belsat və digər xarici dilli kanalları birləşdirir. Mərkəzin rəhbəri Mixal Bronyatovskidir. Bu struktur dövlət maliyyəsi ilə fəaliyyət göstərir. Deməli, söhbət hansısa müstəqil internet kanalının deyil, Polşanın dövlət yayım sisteminin tərkibində olan qurumun fəaliyyətindən gedir. Azərbaycanın Polşa ilə münasibətləri qarşılıqlı hörmətə əsaslanmalıdır. Ancaq bu, ölkəmiz haqqında qərəzli təqdimatlara susmaq demək deyil. Baş nazir Tusk hökumətinin Ermənistanla münasibətlərə verdiyi siyasi dəstək, İrəvanın Avropaya inteqrasiyasını təşviq etməsi və hərbi əməkdaşlıq xətti Azərbaycan üçün diqqətəlayiq məqamdır. Polşanın Azərbaycana münasibətində ziddiyyətli istiqamətlər görünür. Bir tərəfdən Bakı ilə enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyir, digər tərəfdən Tusk hökuməti Ermənistanla siyasi və hərbi yaxınlaşmaya xüsusi diqqət ayırır. “TVP World”un materialları isə bu münasibətlərdə əlavə diplomatik problem yaradır. Telekanalın Azərbaycan-Türkiyə münasibətlərini əsasən fikir ayrılıqları üzərindən təqdim etməsi hansı məqsədə xidmət edir? Tuskun baş nazir olmasından sonra rəsmi Varşavanın siyasətində Azərbaycana qarşı qərəzin səbəbi nə ola bilər?
***
Milli Məclisin deputatı Kamran Bayramov “Yeni Müsavat”a dedi ki, Polşanın dövlət maliyyəsi ilə fəaliyyət göstərən “TVP World” telekanalının son dövrlər Azərbaycana qarşı sərgilədiyi qərəzli və birtərəfli informasiya siyasəti ikitərəfli münasibətlərin ruhuna kölgə salmaqla yanaşı, bir sıra ciddi suallar doğurur: “Kanalın Azərbaycanın Türkiyə ilə müttəfiqliyini, dünyəvi dövlət modelini və xarici siyasət prioritetlərini ziddiyyətlər prizmasından təqdim etməsi, həmçinin bu süjetlərə süni şəkildə Rusiyanın adının qatılması heç də peşəkar jurnalistika prinsiplərinə sığmır. Bakının Moskva ilə qonşuluq münasibətlərini Ankara ilə strateji tərəfdaşlığa qarşı qoymaq cəhdi Azərbaycanın müstəqil, çoxvektorlu xarici siyasət kursunu təhrif etmək məqsədi güdür. Halbuki rəsmi Bakı bütün əlaqələrini sırf milli maraqlar və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurur, bunu hər hansı geosiyasi seçim qarşısında qalmaq kimi qələmə vermək isə ya qeyri-peşəkarlığın, ya da məqsədli manipulyasiyanın göstəricisidir. Maraqlıdır ki, telekanalın özünün daxilində maliyyə şəffaflığı ilə bağlı ciddi problemlər mövcuddur. Belə ki, Polşa mətbuatının yaydığı məlumatlara görə, Mərkəzi Antikorrupsiya Bürosunun prokurorluğa təqdim etdiyi materiallar kənar şirkətlərə ayrılan milyonlarla zlotının xərclənməsində qanun pozuntularını üzə çıxarıb. Milyonlarla vəsaitin xərcləndiyi və aşağı izlənmə göstəriciləri ilə üzləşən dövlət yayımçısının daxili böhranları ört-basdır etmək əvəzinə başqa ölkələrə demokratiya və obyektivlik dərsi keçməyə çalışması ironiya doğurur. Digər tərəfdən, məsələnin diplomatik müstəviyə daşınmasına, 2026-cı ilin avqustunda Polşanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz bildirilməsinə baxmayaraq, Varşavanın bunu, sadəcə, "redaksiya müstəqilliyi" adı ilə izah etməsi qəbuledilməzdir. Çünki söhbət heç də müstəqil internet layihəsindən deyil, birbaşa dövlət strukturuna bağlı olan və Mixal Bronyatovskinin rəhbərlik etdiyi Xarici Media Mərkəzindən gedir. Bu kontekstdə baş nazir Donald Tusk hökumətinin ümumi xarici siyasət xətti də diqqəti cəlb edir".
Deputat onu da diqqətə çatdırdı ki, Varşavanın birtərəfli qaydada İrəvanla siyasi və hərbi yaxınlaşmaya xüsusi önəm verməsi, Ermənistanın Avropaya inteqrasiyasını fəal şəkildə dəstəkləməsi Polşanın Cənubi Qafqaz siyasətindəki ziddiyyətləri açıq şəkildə nümayiş etdirir: “Bir tərəfdən Azərbaycanla enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq qurmaq istəyən, digər tərəfdən isə "TVP World" kimi resurslar vasitəsilə Bakının imicinə kölgə salmağa çalışan Polşa hökumətinin bu ikili standartları qarşılıqlı etimada xələl gətirir. Telekanalın Azərbaycan-Türkiyə qardaşlığını və əməkdaşlığını daim şübhə altındaymış kimi göstərməsi məhz bu geosiyasi riyakarlığın təbliğat alətidir. Tusk hökumətinin hakimiyyətə gəlişindən sonra rəsmi Varşavanın riyakar və qərəzli xətt götürməsinin səbəbi bəlkə də Qərbin regional konyunkturaya uyğun olaraq Azərbaycanın müstəqil siyasətini həzm edə bilməməsi və digər mərkəzlərin sifarişlərini yerinə yetirməsidir. Lakin rəsmi Bakı bu cür qərəzli təzyiqlərə heç vaxt göz yummayıb və bundan sonra da milli maraqlarına qarşı yönəlmiş hər cür informasiya təxribatına qətiyyətlə cavab verəcək".
Cavanşir ABBASLI,“Yeni Müsavat”
