Avropa imtina edilən miqrantları Afrikaya göndərir: Ermənistan hakimiyyəti vətəndaşlarının deportasiya risklərinə hazır deyil


“Avropanın beş dövləti deportasiya edilməli olan miqrantları Afrikaya köçürməyə hazırlaşır və bu təşəbbüsün nəticələri Ermənistan vətəndaşlarına da təsir göstərə bilər”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşrin məlumatına görə, Almaniya, Danimarka, Avstriya, Yunanıstan və Niderland 2027-ci ildə Ruandada xüsusi mərkəz açmağı planlaşdırırlar. Avropada yaşamaq hüququnu itirmiş şəxslərin həmin mərkəzə göndərilməsi nəzərdə tutulur. Noyabrın 16-da Vyanada elan edilən təşəbbüs Avropanın miqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində növbəti addımdır.
“İlkin mərhələdə təxminən 100 nəfərin köçürülməsi nəzərdə tutulur. Onların əsasən tək səyahət edən kişilər olacağı gözlənilir. Ruandada həmin şəxslərə yaşayış icazəsi, işləmək, təhsil almaq və səhiyyə xidmətlərindən istifadə etmək imkanı vəd edilir.
Xərclər Avropa hökumətləri tərəfindən qarşılanacaq. Lakin maliyyələşmənin həcmi, şərtlər və köçürülən şəxslərin gələcək hüquqi statusunun təfərrüatları hələ tam açıqlanmayıb”, - deyə nəşr yazıb.
Məqalədə bildirilir ki, proqramın əsasını Avropa miqrasiya sisteminin uzun illərdir həll edilməyən problemləri təşkil edir. Minlərlə sığınacaq müraciəti rədd edilir və deportasiya qərarları qəbul olunur, lakin onların əhəmiyyətli hissəsi icra edilmir.
“Bəzi ölkələr öz vətəndaşlarını geri qəbul etməkdən imtina edir, digər hallarda isə sənədləşmə, hüquqi və ya təşkilati səbəblərdən geri qaytarılma prosesi uzanır. Ruandadakı mərkəz məhz bu çıxılmaz vəziyyətdən çıxmaq üçün nəzərdə tutulub.
Ermənistan üçün bu təşəbbüs mücərrəd məsələ deyil”, - deyə nəşr vurğulayıb.
Nəşr Avropa Komissiyasının 2026-cı il hesabatına istinadən bildirir ki, 2025-ci ildə Avropa İttifaqı ölkələrində Ermənistanın 3200 vətəndaşı barəsində ərazini tərk etmək qərarı qəbul edilib. Həmin il isə 1310 Ermənistan vətəndaşı ölkəyə geri qaytarılıb.
“Bu məlumatlar deportasiya qərarlarının icrası ilə faktiki geri qaytarılmalar arasında ciddi fərqin olduğunu göstərir. Lakin həmin rəqəmlər hazırda Avropada yaşamaq üçün hüquqi əsası olmadığı halda orada qalmaqda davam edən Ermənistan vətəndaşlarının sayını açıqlamır.
Ruandaya deportasiya ilə bağlı yeni proqram Ermənistan vətəndaşları üçün əlavə hüquqi risklər yaradır. Bununla belə, həmin risklərin real miqyası hələ məlum deyil”, - deyə məqalədə qeyd olunub.
Müəllif hesab edir ki, Ermənistan hakimiyyəti vətəndaşlarının bu proqram çərçivəsində hansı hallarda deportasiya edilə biləcəyini, onların hüquqlarının necə qorunacağını və təhlükəsiz geri qaytarılmaları üçün hansı addımların atılacağını dəqiqləşdirməlidir.
Məqalədə Avropa Komissiyasının Ermənistan vətəndaşlarının əsassız sığınacaq müraciətləri, xüsusilə müalicə almaq məqsədilə təqdim edilən müraciətlərlə bağlı narahatlığı da xatırladılır. Bununla yanaşı, Ermənistanın öz vətəndaşlarının geri qaytarılması məsələsində əməkdaşlığı müsbət qiymətləndirilib.
“Avropa İttifaqı ilə qüvvədə olan readmissiya sazişi Ermənistan vətəndaşlarının Ruandaya köçürülməsi ehtimalını azaldır. Lakin yeni proqramda Ermənistan vətəndaşları üçün hər hansı istisna nəzərdə tutulmayıb. Hələlik proqramın tətbiqi şərtləri və hüquqi təminatları da qeyri-müəyyən olaraq qalır”, - deyə nəşr yazıb.
Məqalədə Böyük Britaniyanın təcrübəsi də diqqətə çatdırılır. Bildirilir ki, bu ölkənin Ali Məhkəməsi 2023-cü ildə təhlükəsizlik və insan hüquqlarının qorunması ilə bağlı narahatlıqlara görə Ruandaya deportasiya təşəbbüsünü qanunsuz hesab edib. Proqram isə 2024-cü ildə ləğv olunub.
“Avropanın yeni təşəbbüsü ilə bağlı da köçürülən şəxslərin gələcək statusu, işləmək imkanları, ailələri ilə əlaqə saxlamaq şəraiti və onların hüquqlarının qorunmasına görə məsuliyyətin kimə aid olacağı qeyri-müəyyəndir.
Diqqətçəkən məqam odur ki, miqrasiya axınının azaldığı bir vaxtda deportasiya siyasəti sərtləşdirilir. Frontex-in məlumatlarına görə, 2026-cı ilin ilk on ayında Avropa İttifaqı sərhədlərinin qanunsuz keçilməsi ilə bağlı qeydə alınan hallar 29 faiz azalaraq təxminən 110 minə düşüb. Avropa hökumətləri indi qəbul edilmiş deportasiya qərarlarının icrasını prioritet hesab edirlər”, - deyə məqalədə bildirilib.
Nəşr vurğulayır ki, bu proses Ermənistanın Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması istiqamətindəki danışıqlarına da təsir göstərə bilər.
“Əsassız sığınacaq müraciətlərinin azaldılması, vətəndaşların geri qaytarılmasının təşkili və readmissiya öhdəliklərinin yerinə yetirilməsi bu prosesin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
Ermənistan hakimiyyəti deportasiya edilməli olan vətəndaşların sayını və hüquqi vəziyyətini dəqiqləşdirməli, Ruanda proqramının mümkün nəticələrini qiymətləndirməli və onların hüquqlarının qorunmasını təmin etməlidir. Avropanın miqrasiya siyasətinin sərtləşdiyi şəraitdə bu məsələlərin həlli Ermənistanın xarici siyasəti və vətəndaşlarının müdafiəsi üçün praktiki vəzifəyə çevrilir”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu Ordu.az