Lui Saa “Mançester Yunayted”in yeni stadion planını şərh etdi


“Mançester Yunayted”in sabiq hücumçusu Lui Saa klub rəhbərliyinin yeni stadion tikintisi ilə bağlı planlarına münasibət bildirib.
90deqiqe.Az-ın “Get French Football News”a istinadən məlumatına görə, keçmiş futbolçu “Old Trafford”la vidalaşmaq qərarının onda qarışıq hisslər yaratdığını, lakin klubun inkişafı üçün dəyişikliklərin vacib olduğunu söyləyib.
“Old Trafford”dan ayrılmaqla bağlı qarışıq hisslər keçirirəm. Klub irəli getməlidir. Rəhbərlik azarkeşlər üçün daha rahat şərait yaratmaq və müasir infrastruktur qurmaq istəyir. Bununla da insanlara bu klubun nə qədər böyük və güclü olduğunu göstərməyi hədəfləyir”
O, “Mançester Yunayted”in tarixinin “Old Trafford”la sıx bağlı olduğunu da vurğulayıb:
“Mançester Yunayted”in tarixi, şübhəsiz ki, “Old Trafford”la ayrılmaz şəkildə bağlıdır. Bu, klubun böyük uğurlar qazandığı möhtəşəm məkandır. Lakin əsas diqqət komandaya və onun meydandakı çıxışına yönəlməlidir. Məncə, bu, ciddi problemdir. İnvestisiyalar hansı istiqamətə yönəldilməsindən asılı olmayaraq, milyardlarla vəsait komandaya və onun yüksək səviyyədə çıxış etməsinə kömək edəcək sahələrə yatırılmalıdır”.
Qeyd edək ki, “Mançester Yunayted”in yeni stadionunun 100 min tamaşaçı tutumuna malik olması planlaşdırılır. Tikinti işlərinə hələ başlanılmayıb. Klub rəhbərliyi arenanın inşası üçün zəruri torpaq sahələrini mərhələli şəkildə satın alır.
