Nihad Əhmədzadə: Daha bir qol vurmağın gərəkliyi bizə deyilməmişdi – MÜSAHİBƏ


Azərbaycan millisində debüt matçı Andorra üzərində 3:1 hesablı qələbənin qazanıldığı yoldaşlıq görüşünə təsadüf etmiş “Sumqayıt”ın hücumçusu Nihad Əhmədzadənin Sportify.az-a müsahibəsi
– Milli Lixtenşteynə səfərdə 1:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra da tənqid olundu. Əsas narazılıqlar ikinci qolu vurmaq əvəzinə uzatma dəqiqələrində belə, yersiz müdafiə olunmaqla bağlı idi…
– Yersiz müdafiə olunduğumuzu deməzdim. Məncə, Lixtenşteynə qarşı yaxşı oynadıq. Sadəcə, qələbə qazanmaq istəyirdik və layiqli qalibiyyət əldə etdik.
– Amma daha bir qol hər şeyi dəyişə bilərdi…
– Ola bilsin. Nə qədər imkanımız oldu, amma vura, dəyərləndirə bilmədik.
– Pley-offa vəsiqə qazanmaq üçün daha bir qol vurmağın gərəkliyindən məlumatınız var idi?
– Xeyr, məlumatımız yox idi. Sadəcə, meydana qələbə üçün çıxmışdıq və buna da nail olduq.
– Yəni, bilmirdiniz ki, bir qol da vursanız, D Liqasının qalibi ola bilərsiniz…
– Xeyr.
– Andorra ilə yoldaşlıq görüşündə ilk dəfə əsas milli komandanın heyətində meydana çıxdınız. Debütünüzü necə dəyərləndirərdiniz?
– Fəxr edirəm ki, Azərbaycan millisində debüt etdim. Ümid edirəm ki, davamlı olacaq.
– Ağadadaş Salyanskinin yaxın məsafədən qol vura bilmədiyi epizodda yaxından iştirak edərək, yaxşı ötürmə vermişdiniz…
– Bəli, həmin epizodda mən topu Mahir Emreliyə, o isə Ağadadaşa ötürmüşdü. Təəssüf ki, qolla tamamlanmadı.
– Millidə oynamağa davam etmək olarmı?
– Bəli, niyə olmur?! Təki Ayxan Abbasov şans versin, biz də oynayarıq.
1 mənbə
