İlon Mask Zelenskini “Starlink”lə bağlı yalan danışmaqda ittiham edib


Ukrayna Prezidenti Volodimir Zelenski “Starlink” və onun hərbi versiyası “Starshield” xidmətlərində sürət məhdudiyyətlərinin yenidən tətbiq edilməsindən narazılığını bildirib.
Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Ukraynada peyk rabitəsi ilə bağlı mübahisə yenidən gündəmə gəlib. Zelenski bildirib ki, “Starlink” xidmətində və onun hərbi təyinatlı “Starshield” versiyasında sürət məhdudiyyətləri yenidən tətbiq edilib. Bunun nəticəsində ukraynalılar Rusiyanın reaktiv PUA-larını ələ keçirə bilmirlər.
“Tarixin düzgün tərəfində olmaq vacibdir. Ukraynanın köməyə ehtiyacı var”, - deyə Zelenski çağırış edib.
Bundan əvvəl Ukrayna Prezidenti sürət məhdudiyyətləri məsələsində “SpaceX” rəhbərliyindən şübhələndiyinə də işarə etmişdi. Buna texnologiya sahəsində milyarder İlon Mask sərt cavab verib.
“New York Times DealBook” sammitində çıxışı zamanı Mask Ukrayna Prezidentini yalan danışmaqda ittiham edib.
“Sizi təəccübləndirmək istəmirəm, amma Zelenski heç də həmişə həqiqəti demir”, - deyə Mask bildirib.
“SpaceX” şirkətinin qurucusu əlavə edib ki, Ukrayna “Starlink” xidmətindən hücum xarakterli hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə etməklə ondan sui-istifadə edir. O, şirkətin ilk gündən buna qarşı olduğunu qeyd edib.
Mask hərbi tapşırıqlar üçün xüsusi olaraq “Starshield” versiyasının nəzərdə tutulduğunu və onun Prezident Donald Trampın, eləcə də hərbi qurumun nəzarəti altında olduğunu vurğulayıb.
Beləliklə, Mask sürət məhdudiyyətlərinə görə məsuliyyəti yenidən Ağ Evin və Pentaqonun üzərinə qoyub.
Sevinc Əliyeva Ordu.az