Malayziya “Thales Alenia Space” ilə yeni razılaşmalar əsasında kosmik imkanlarını inkişaf etdirməyi planlaşdırır


Malayziya peyk rabitəsi imkanlarını genişləndirmək məqsədilə “Thales Alenia Space” ilə iki anlaşma memorandumu imzalayıb.
Ordu.az xəbər verir ki, bu barədə “Thales” şirkəti məlumat yayıb.
Malayziya bu il qüvvəyə minən Milli Müdafiə Sənayesi Siyasətinə (NDIP) uyğun olaraq peyk rabitəsi imkanlarını inkişaf etdirməyi hədəfləyir. Bu çərçivədə Kuala-Lumpurda yerləşən “Weststar Group” Avropanın müdafiə şirkətləri “Thales” və “Leonardo”nun birgə müəssisəsi olan “Thales Alenia Space” ilə iki anlaşma memorandumu imzalayıb.
“Thales” şirkətinin noyabrın 19-da yaydığı məlumata görə, Kuala-Lumpurda keçirilən imzalanma mərasiminə Malayziyanın müdafiə naziri Dato Seri Məhəmməd Xalid bin Nordin və Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votren rəhbərlik ediblər.
İlk anlaşma memorandumu Malayziyanın milli prioritetləri sırasında yer alan müstəqil kosmik imkanlar sahəsində əməkdaşlıq üçün çərçivə yaradır. “Thales” şirkətinin məlumatına görə, tərəfdaşlıq əməliyyat muxtariyyətini artırmaqla yanaşı, hökumətin və müdafiə sektorunun artan tələbatını ödəmək üçün təhlükəsiz və etibarlı peyk rabitəsinə diqqət yetirəcək.
Razılaşmaya əsasən, “Thales Alenia Space” və “Weststar” Malayziyadakı müvafiq tərəfdaşlarla koordinasiyalı şəkildə peyk missiyalarına dair tələbləri qiymətləndirəcək və milli prioritetlərə uyğun texniki həlləri araşdıracaqlar. Bu məqsədlə “Thales Alenia Space” şirkətinin özünü doğrultmuş peyk texnologiyalarını təklif etdiyi bildirilir.
Əməkdaşlıq, həmçinin Yer səthinin müşahidəsi, təhlükəsiz kosmik sistemlər və onlarla əlaqəli yerüstü seqmentlər kimi digər sahələrdə birgə biznes imkanlarının yaradılmasına da yol açır.
İkinci anlaşma memorandumu tərəfdaşlığı qabaqcıl müdafiə imkanları və kibertəhlükəsizlik olmaqla iki yeni əməkdaşlıq sahəsinə genişləndirir. Bu istiqamətlərə raketlər və digər buraxılış vasitələri kimi sistemləri də əhatə edən hava hücumundan müdafiə və PUA-lara qarşı mübarizə həlləri daxildir.
Kibertəhlükəsizlik sahəsində memorandum “Thales” şirkətinin risklərin müəyyənləşdirilməsi və layihələndirmə mərhələsindən etibarən təhlükəsizliyin təmin olunmasından tutmuş mühafizə, aşkarlama, müdaxilə və bərpa proseslərinədək kibertəhlükəsizliyin bütün həyat dövrünü əhatə edən həllər portfelindən istifadəni nəzərdə tutur.
Əməkdaşlıq, həmçinin müstəqil kibertəhlükəsizlik həllərini də əhatə edir.
Sevinc Əliyeva Ordu.az
