Pişik və itlərlə hansı səslə danışmaq lazımdır? - Baytardan tövsiyə


Ev heyvanları ilə ünsiyyət zamanı istifadə edilən səs tonu onların diqqətini cəlb etməkdə mühüm rol oynaya bilər. Baytarların və elmi araşdırmaların nəticələrinə görə, it və pişiklərlə danışarkən daha yüksək, yumşaq və nəvazişli səs tonundan istifadə etmək daha təsirli olur.
HİT.az xəbər verir ki, thecoolist.com-un yazdığına görə, ispaniyalı baytar Xuanxo bu danışıq tərzini emosional və mülayim intonasiyaya malik xüsusi üslub kimi xarakterizə edir. İnsanların ev heyvanlarına müraciət edərkən qeyri-ixtiyari olaraq səsini yüksəltməsi və daha mehriban danışması da bunun nümunəsidir.
York Universitetində 2018-ci ildə aparılan araşdırma göstərib ki, yetkin itlər heyvanlara xas nəvazişli səslə danışan insanlarla daha çox vaxt keçirməyə meyillidirlər. Burada yalnız səsin tonu deyil, deyilən sözlərin məzmunu da əhəmiyyət daşıyır. Xüsusilə itlərlə əlaqəli mövzularda danışılması onların marağını artırır.
Digər tədqiqatlarda da itlərin insanlarla adi söhbətlə müqayisədə birbaşa onlara ünvanlanan nitqə daha çox diqqət yetirdiyi müəyyən edilib. Səsin yüksəkliyi artdıqca onların marağının da yüksələ bildiyi müşahidə olunub.
Pişiklər sahibinin səsini tanıyır
2022-ci ildə aparılan araşdırma pişiklərin sahibinin səsini yad insanların səsindən ayırd edə bildiyini üzə çıxarıb. Təcrübədə iştirak edən 16 pişikdən 10-u yad insanın səsinə reaksiya verməsə də, sahibinin səsini eşidəndə davranışını dəyişib.
Araşdırma həmçinin göstərib ki, pişiklər sahiblərinin onlarla xüsusi, nəvazişli tərzdə danışdığını da fərqləndirə bilirlər. Yəni onlar yalnız səsin özünə deyil, danışıq formasına da reaksiya verirlər.
Süni intonasiyaya ehtiyac yoxdur
Mütəxəssislər ev heyvanları ilə ünsiyyət zamanı xüsusi davranış nümayiş etdirməyə ehtiyac olmadığını bildirirlər. Sadəcə, gündəlik danışıq tonunu bir qədər yumşaltmaq, səsi azca yüksəltmək və mehriban intonasiyadan istifadə etmək kifayətdir.
Bununla belə, belə danışıq tərzi heyvanın hər dəfə reaksiya verəcəyinə zəmanət yaratmır. Bəzi təcrübələrdə yetkin itlər xüsusi danışıq üslubuna aydın üstünlük göstərməsələr də, balaların bu cür müraciətə daha həssas olduğu müşahidə edilib.
Araşdırmaların nəticələri göstərir ki, ev heyvanları ilə ünsiyyətdə səs tonu qədər sahibin kimliyi və heyvanın həmin insana alışması da əhəmiyyətlidir.
Samir
