Argentina İtaliya istehsalı olan üç FCX20 korveti almağı planlaşdırır


Argentina Hərbi Dəniz Qüvvələri İtaliyanın “Fincantieri” gəmiqayırma şirkəti tərəfindən hazırlanan üç FCX20 korvetini əldə etməyi planlaşdırır.
Ordu.az xəbər verir ki, bu barədə “Fincantieri” şirkəti məlumat yayıb.
Şirkətin noyabrın 19-da yaydığı açıqlamaya görə, hər iki ölkənin müdafiə nazirləri şirkətin yüksək vəzifəli rəhbərlərinin də iştirakı ilə Romada niyyət məktubu imzalayıblar.
Razılaşma İnteqrasiya edilmiş Logistik Dəstək paketini də əhatə edir. Sənəd, həmçinin hazırda xidmətdə olan gəmilərin mümkün tədarükü də daxil olmaqla, dənizçilik sahəsində yeni əməkdaşlıq imkanlarını nəzərdə tutur.
“Fincantieri” şirkətinin açıqlamasında bildirilib: “Yüksək texnologiyalı döyüş gəmilərinin layihələndirilməsi, inşası və dəstəklənməsi sahəsində geniş bilik və təcrübəmizi Argentina Hərbi Dəniz Qüvvələrinin xidmətinə təqdim edə, proqramın müxtəlif mərhələlərinin inkişafına töhfə verə biləcəyik”.
FCX20 korveti radarlar, atəşə nəzarət sistemi, inteqrasiya edilmiş naviqasiya sistemi, peyk rabitə sistemləri, silahlar və buraxılış qurğularından ibarət döyüş sistemi ilə təchiz edilib.
Korvetin patrul versiyası hazırda İtaliya Hərbi Dəniz Qüvvələrinin silahlanmasındadır.
Sevinc Əliyeva Ordu.az
