BMT Məhkəməsi tarixdə ilk dəfə bir dövləti soyqırımında təqsirli bildi


BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Myanmanın rohinca müsəlman azlığına qarşı soyqırımı törətməkdə təqsirli bilinməsi barədə qərar çıxarıb.
32gun.az-ın məlumatına görə, qərarı doqquz hakim dəstəkləyib, altı hakim isə əleyhinə səs verib.
Bu məhkəmə instansiyası öz tarixində ilk dəfə olaraq bir dövləti soyqırımı törətməyə görə məsuliyyətli tanıyıb. Haaqada Qambiyanın iddiası üzrə qərarı elan edən məhkəmənin sədri Yudzi İvasava bəyan edib ki, Myanma "Soyqırımı Konvensiyası üzrə öhdəliklərini pozaraq Rakhayn ştatının şimalında rohinca qrupuna qarşı soyqırımı törədib".
Məhkəmənin müəyyən etdiyinə görə, 2017-ci ildə keçirilən əməliyyat zamanı Myanmanın təhlükəsizlik qüvvələri rohinca icmasından olan minlərlə dinc sakini qətlə yetirib və Banqladeşə qaçmağa çalışan insanlara hücumlar edib. Hakimlərin qiymətləndirməsinə əsasən, onlar "rohincaların əhəmiyyətli bir hissəsini məhv etmək niyyəti ilə hərəkət ediblər". Məhkəmə araşdırması zamanı isə Myanma hakimiyyəti əməliyyatın silahlılara qarşı aparıldığını iddia edib.
Xatırladaq ki, Qambiya 2019-cu il noyabrın 11-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək Myanmanın konvensiya üzrə öhdəliklərini pozduğunun tanınmasını, beynəlxalq hüquqa zidd əməllərin dayandırılması barədə öhdəlik qoyulmasını, soyqırımı qurbanlarının xeyrinə dəymiş zərərin ödənilməsini və pozuntuların təkrarlanmayacağına dair zəmanət verilməsini tələb etmişdi.
2020-ci il yanvarın 23-də məhkəmə Myanmaya qarşı müvəqqəti tədbirlərin görülməsi barədə qərar qəbul edib. Daha sonra Myanma hakimiyyəti məhkəmənin yurisdiksiyası və Qambiyanın ərizəsinin məqbulluğu ilə bağlı ilkin etirazlar irəli sürsə də, 2022-ci il iyulun 22-də məhkəmə iddiaya baxmaq səlahiyyətinin olduğunu təsdiqləyib və ərizəni icraata qəbul edib.
İşə həmçinin daha 11 ölkə — Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Konqo Demokratik Respublikası, İrlandiya, Kanada, Maldiv adaları, Niderland, Sloveniya və Fransa qoşulub. Məhkəmə onların yazılı qeydlərini kifayət hesab edərək bu dövlətləri şifahi dinləmələrə cəlb etməyib. İş üzrə mahiyyəti üzrə dinləmələr cari ilin yanvarın 12-dən 29-dək keçirilib.
Ayaz
Yenicag.az+1 mənbə