ABŞ dəniz piyadaları MADIS sistemi ilə kamuflyajlı hava hücumundan müdafiə taktikasını məşq edib


Havay adalarında keçirilən təlim zamanı sistemin gizli mövqelərdə yerləşdirilməsi və aşağı hündürlükdə uçan hava hədəflərinə qarşı tətbiqi sınaqdan keçirilib.
Ordu.az xəbər verir ki, bu barədə “Defense Visual Information Distribution Service” məlumat yayıb.
ABŞ dəniz piyadaları 2026-cı il noyabrın 13-də Havay adalarında MADIS sistemi ilə gizli hava hücumundan müdafiə əməliyyatlarını məşq ediblər.
Kamuflyaj, mobillik və qısa mənzilli hava hücumundan müdafiə imkanlarının birləşdirildiyi təlim irəli mövqelərdə yerləşdirilən qüvvələrin PUA-lardan və aşağı hündürlükdə uçan təyyarələrdən qorunması bacarıqlarını gücləndirməyə yönəlib.
Birgə Sakit Okean Çoxmillətli Hazırlıq Mərkəzinin 27-01-ci təlim dövrü çərçivəsində 3-cü Sahil Hava Hücumundan Müdafiə Taborunun dəniz piyadaları Havay adalarındakı “Dillingham” aerodromunda simulyasiya edilmiş hava hücumundan müdafiə əməliyyatları keçiriblər.
ABŞ Dəniz Piyadaları Korpusunun yaydığı rəsmi görüntülərdə kamuflyajla gizlədilmiş Dəniz Piyadalarının İnteqrasiya Edilmiş Hava Hücumundan Müdafiə Sistemi (MADIS) nümayiş etdirilib. Təlim korpusun sağqalma qabiliyyətinə, taktiki mobilliyə və səpələnmiş qüvvələrin müdafiəsinə verdiyi əhəmiyyəti göstərib.
3-cü Dəniz Sahil Alayının və 3-cü Dəniz Diviziyasının 3-cü Sahil Hava Hücumundan Müdafiə Taboruna təhkim edilən MADIS sistemi Dəniz Piyadaları Korpusunun yerüstü hava hücumundan müdafiəsinin müasirləşdirilməsinin mühüm hissəsidir.
Birgə Yüngül Taktiki Nəqliyyat Vasitəsinin üzərində quraşdırılan sistem aşağı hündürlükdəki hava təhdidlərini, o cümlədən insansız uçuş sistemlərini, helikopterləri və sabitqanadlı təyyarələri aşkarlamaq, izləmək və məhv etmək üçün nəzərdə tutulub.
Sistemin bir-birini tamamlayan Mk1 və Mk2 konfiqurasiyalarına “Stinger” raketləri, 30 millimetrlik top, radar müşahidə vasitələri, elektro-optik sensorlar, radioelektron mübarizə və komanda-idarəetmə sistemləri daxildir.
Bu imkanlar dəniz piyadalarına mobil müdafiə mövqeləri qurmağa, manevr qüvvələrini, komanda-idarəetmə məntəqələrini, logistika infrastrukturunu və digər mühüm obyektləri qorumağa şərait yaradır.
Sevinc Əliyeva Ordu.az
