ABŞ dəniz piyadaları “Leidos” şirkətinə 14 MRADR radarının istehsalı üçün 40,8 milyon dollarlıq müqavilə verib


Yeni müqavilə ilə sifariş edilən orta mənzilli hava hücumundan müdafiə radarlarının ümumi sayı 24-ə çatıb.
Ordu.az xəbər verir ki, bu barədə “Leidos” şirkəti məlumat yayıb.
“Leidos” şirkəti ABŞ Dəniz Piyadaları Korpusu ilə 14 ədəd Orta Mənzilli Hava Hücumundan Müdafiə Radarı - MRADR sisteminin istehsalı və dəstəklənməsi üçün 40,8 milyon dollarlıq müqavilə imzaladığını açıqlayıb.
Bununla da sifariş edilmiş radarların ümumi sayı 24-ə yüksəlib. ABŞ dəniz piyadalarının ümumi satınalma hədəfi isə 40 sistemdir.
“Leidos”un törəmə müəssisəsi “Dynetics” tərəfindən Alabama ştatının Hantsvill və Kaliforniya ştatının Vudleyk şəhərlərində hazırlanan mobil radar təyyarələri, qanadlı raketləri və PUA-ları 360 dərəcəlik müşahidə ilə aşkarlamaq üçün nəzərdə tutulub. Sistem eyni zamanda dəniz piyadalarının mövqelərini üzə çıxara biləcək elektromaqnit şüalanmanı azaltmaq imkanına malikdir.
Müqavilə üzrə işlərin 2028-ci ilin avqustunadək tamamlanması planlaşdırılır. Bu sifariş MRADR sisteminin prototip mərhələsindən daha geniş miqyaslı istifadəyə keçidini sürətləndirəcək. Radarlar AN/TPS-80 G/ATOR sistemləri və MRIC buraxılış qurğuları ilə birlikdə tətbiq olunacaq.
2026-cı il noyabrın 18-də elan edilən 40,8 milyon dollarlıq müqavilədən əvvəl 2023-cü ilin sentyabrında dörd prototip üçün 32,1 milyon dollarlıq, 2025-ci ilin iyulunda isə istehsala uyğun altı radar üçün 24,9 milyon dollarlıq müqavilə imzalanıb. Beləliklə, üç müqavilənin ümumi dəyəri 97,8 milyon dollara çatıb.
Son sifarişə əvvəlki MRADR prototiplərinin və Dəniz Ekspedisiya Qüvvələri üçün Uzunmənzilli Davamlı Sensor (MELPS) avadanlıqlarının təkmilləşdirilməsi imkanları da daxildir.
“Dynetics” tərəfindən hazırlanan MRADR sabitqanadlı təyyarələri, helikopterləri, qanadlı raketləri və PUA-ları aşkarlamaq və izləmək üçün nəzərdə tutulub. Radarın aşağı elektromaqnit şüalanması onun mövqelərinin düşmən tərəfindən müəyyən edilmə ehtimalını azaldır.
Sistem planlaşdırılan 57 ədəd AN/TPS-80 G/ATOR radarı ilə yanaşı, ABŞ Dəniz Piyadaları Korpusunun hava hücumundan müdafiə imkanlarının genişləndirilməsinə töhfə verəcək. Proqram çərçivəsində 48 ədəd Orta Mənzilli Önələmə İmkanı - MRIC buraxılış qurğusu və 190 ədəd MADIS sisteminin də alınması nəzərdə tutulur.
Sevinc Əliyeva Ordu.az
