Accenture Portuqaliyada 950 iş yerini ixtisar etməyə hazırlaşır


Süni intellektin biznes proseslərinə inteqrasiyası beynəlxalq şirkətlərin əmək siyasətinə təsir göstərməyə davam edir. ABŞ-ın texnologiya və konsaltinq şirkəti Accenture Portuqaliyada yüzlərlə iş yerinin ixtisarını nəzərdə tutan plan açıqlayıb.
Plat.az-ın Reuters-ə istinadən xəbər verir ki, Accenture Portuqaliyada təxminən 950 əməkdaşın könüllü işdən ayrılması proqramını həyata keçirməyi planlaşdırır. İxtisarların 2027-ci ilin yanvar ayınadək başa çatdırılması nəzərdə tutulur. Proqram əsasən Meta Platforms üçün xidmət göstərən əməkdaşları əhatə edir. Şirkət Lissabondakı Trust & Safety komandalarına müştəri tələbatında baş verən ciddi dəyişiklikləri əsas gətirərək yeni qərar barədə məlumat verib. İxtisar planı Portuqaliyadakı müvafiq işçi qüvvəsinin təxminən 16 faizinə təsir göstərə bilər. Meta son dövrdə süni intellektə investisiyalarını artıraraq əməliyyat xərclərini azaltmağa çalışır. Bu proses şirkətin xidmət göstərdiyi digər müəssisələrin də əməkdaşlıq və kadr siyasətinə təsir edir. Accenture isə Portuqaliya bazarında fəaliyyətini davam etdirəcəyini və strateji istiqamətlərə investisiya qoyacağını bildirib.