ABŞ Konqresindəki respublikaçılar Ukraynaya yardımı müdafiə büdcəsindən çıxarmaqla hədələyirlər


ABŞ Nümayəndələr Palatasındakı respublikaçı rəhbərlər demokratlardan güzəştlər əldə etmək məqsədilə 2027-ci il Milli Müdafiə Səlahiyyətləri Aktında Ukraynaya ayrılan hərbi yardımın qarşısını almaqla hədələyirlər.
Ordu.az xəbər verir ki, bu barədə “NBC News” danışıqlarla birbaşa tanış olan yeddi mənbəyə istinadən məlumat yayıb.
Nümayəndələr Palatasının spikeri Mayk Conson və Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast müvafiq müddəaların qanun layihəsindən çıxarılması təşəbbüsünə rəhbərlik edirlər.
Təhlükə altında olan müddəalara Ukraynaya genişləndirilmiş hərbi dəstək, kəşfiyyat məlumatlarının mübadiləsi və Rusiyaya qarşı məqsədyönlü sanksiyalar daxildir.
Respublikaçılar bu təhdiddən demokratlara ABŞ Müharibə naziri Pit Heqset və prezident Donald Tramp üzərində Konqresin nəzarətini gücləndirəcək qanunvericilik müddəalarından imtina etmələri üçün təzyiq vasitəsi kimi istifadə edirlər.
Bu müddəalara onların hərbi əməliyyatlar aparmaq səlahiyyətlərinə məhdudiyyətlər, silahlı qüvvələrdə kadr qərarlarına daha ciddi nəzarət və İranla müharibə barədə əlavə məlumat təqdim edilənədək Pentaqon rəhbərinin səfər xərclərinə məhdudiyyətlər daxildir.
Ötən həftə Heqset impiçmentdən cüzi fərqlə yayınıb. O, həmçinin yüksək rütbəli hərbi zabitlərin vəzifələrindən kənarlaşdırılmasına görə tənqidlərə məruz qalıb.
Müdafiə büdcəsi ilə bağlı danışıqlar bu həftə Konqres rəhbərliyinə və komitə sədrlərinə keçib. Qanun layihəsinin yekun mətninin dekabrın ilk həftəsində razılaşdırılması gözlənilir.
Consonun ofisi “NBC News”un şərh sorğusuna cavab verməyib. Mastın və Ağ Evin nümayəndələri də jurnalistlərin şərh almaq üçün müraciətlərinə cavab verməyiblər.
Noyabrın 17-də ABŞ Senatının Təxsisatlar Komitəsindəki respublikaçılar 2027-ci maliyyə ili üzrə müdafiə büdcəsi çərçivəsində Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAI) vasitəsilə 750 milyon dollar hərbi yardım ayrılmasını təklif ediblər.
Bu arada, Konqresə keçirilən aralıq seçkilərdə qələbə qazandıqdan sonra demokratlar Ukrayna üçün təxminən 15 milyard dollar dəyərində yeni təhlükəsizlik yardımı paketi hazırlamağa başlayıblar.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə