KİV: Respublikaçılar ABŞ-nin müdafiə büdcəsində Ukraynaya ayrılan maliyyəni azaltmaqla hədələyirlər


ABŞ Konqresindəki respublikaçılar Ukraynaya dəstəklə bağlı müddəalardan demokratlara təzyiq göstərmək üçün istifadə etməyə çalışırlar.
Ordu.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumatlı yeddi mənbəyə istinadən məlumat yayıb.
Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının əsas konqresmenləri Pentaqonun büdcəsi ilə bağlı əsas müdafiə qanun layihəsində Ukraynaya aid müddəalardan demokratlara təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Onlar demokratları müharibə naziri Pit Heqsetin və prezident Donald Trampın fəaliyyətinə nəzarətdə Konqresin rolunun artırılmasını nəzərdə tutan müddəalardan imtina etməyə məcbur etmək istəyirlər.
Mənbələrin sözlərinə görə, Nümayəndələr Palatasının spikeri Mayk Conson və Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast gələn il üçün milli müdafiə xərcləri haqqında qanun layihəsindən Ukraynanın Rusiya ilə müharibədə dəstəklənməsini nəzərdə tutan bir neçə müddəanın çıxarılmasını tələb edirlər. Bunlara kəşfiyyat məlumatlarının mübadiləsində yardım, hərbi dəstəyin genişləndirilməsi və Rusiyaya qarşı məqsədyönlü sanksiyaların tətbiqi daxildir.
Respublikaçıların bu cəhdləri danışıqlar taktikasıdır. Məqsəd yanvar ayından etibarən Konqresin hər iki palatasına nəzarət edəcək demokratları son dərəcə mühüm qanun layihəsindən Heqset və Trampla bağlı müddəaları çıxarmağa məcbur etməkdir. Bu proses ABŞ-nin İrandakı müharibəsinin aparılması ilə bağlı narahatlıqların və müdafiə nazirinin rəhbərlik üslubuna yönələn tənqidlərin fonunda baş verir.
Ötən həftə Heqset impiçmentdən son anda yayınıb. O, İrana qarşı populyar olmayan müharibəyə rəhbərlik edir və yüksək rütbəli hərbi zabitlərin vəzifələrindən kənarlaşdırılmasına görə tənqid olunur.
Respublikaçıların qarşı çıxdığı qanun layihəsinin müddəaları arasında Heqsetin hərbi zabitlərin rütbəsini artırmazdan və ya azaltmazdan əvvəl Konqresə hesabat verməsini tələb edən normalar da var. Digər müddəalar İrandakı müharibə ilə bağlı əlavə məlumat təqdim edilmədiyi halda Heqsetin ezamiyyət xərclərini, eləcə də onun və Trampın İrandakı müharibəni aparmaq səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutur.
Mənbələrin bildirdiyinə görə, milli müdafiə qanun layihəsi ilə bağlı danışıqlar bu həftə komitə sədrləri və Nümayəndələr Palatasının rəhbərliyi səviyyəsinə keçib. Qanun layihəsinin yekun mətninin dekabrın ilk həftəsində razılaşdırılması gözlənilir.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə

Nocomment.az+1 mənbə