Ukraynanın “Raybird” PUA-sı Norveçin FACNAV döyüş idarəetmə sisteminə inteqrasiya edilib


Ukraynanın “Skyeton” şirkəti və Norveçin “Teleplan Globe” müdafiə texnologiyaları şirkəti ACS-3 “Raybird” PUA-sını FACNAV döyüş idarəetmə sisteminə inteqrasiya edib.
Ordu.az xəbər verir ki, bu barədə şirkət nümayəndələri “Militarnyi” nəşrinə məlumat veriblər.
Əməkdaşlığın məqsədi kəşfiyyat məlumatlarının PUA-dan zərbə vasitələrinə real vaxt rejimində ötürülməsi üçün tələb olunan vaxtı azaltmaqdır.
Bu inteqrasiya operatorlara “Raybird”dən canlı video görüntüləri və fotoları birbaşa vahid əməliyyat mühitində qəbul etməyə, həmçinin onları digər PUA-lardan, yerüstü kameralardan və peyklərdən əldə olunan məlumatlarla birləşdirməyə imkan verir.
“Raybird”in FACNAV sistemində istifadəsi bölmələrin əməliyyat dərinliyində kəşfiyyat aparmaq imkanlarını artırır.
“Raybird” öz sinfində ən uzun uçuş müddətinə malikdir. Bu xüsusiyyət ekipajlara 220 kilometrdən artıq məsafədə fasiləsiz və real vaxt rejimində müşahidə aparmağa imkan verir. Zərurət yarandıqda, peyk rabitəsi vasitəsilə onun əməliyyat məsafəsi artırıla bilər.
“Hədəfi aşkarlamaq tapşırığın yalnız yarısıdır. Təsdiqlənmiş hər bir hədəf hərtərəfli təhlilin nəticəsidir. Aşkarlama ilə cavab tədbiri arasındakı vaxt isə həmin hədəfin hələ də aktuallığını qoruyub-qorumadığını müəyyən edir. “Raybird” maraq doğuran ərazinin üzərində uzun saatlar qala, düşmən xətlərinin dərinliyindən yüksək keyfiyyətli kəşfiyyat məlumatlarını ötürə bilər”, - deyə “Skyeton” şirkətinin beynəlxalq icraçı direktoru Pavlo Şevçuk bildirib.
Layihənin növbəti mərhələsinin 2027-ci ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır.
Bu mərhələ başa çatdıqdan sonra operatorlar uçuş tapşırıqlarını planlaşdıra, “Raybird” PUA-sını idarə edə və onun faydalı yükünü birbaşa FACNAV interfeysi vasitəsilə konfiqurasiya edə biləcəklər.
Kəşfiyyat, müşahidə və hədəf aşkarlama modulunun inteqrasiyası ilə bütün komanda-idarəetmə dövrünün vahid prosesə çevrilməsi nəzərdə tutulur. Bu prosesə PUA-nın idarə edilməsi, sensorların işlədilməsi və hədəf koordinatlarının zərbə vasitələrinə ötürülməsi daxildir.
Xatırladaq ki, “Militarnyi” daha əvvəl 2026-cı ilin sentyabrında “Skyeton” şirkətinin ABŞ-dəki törəmə müəssisəsinin ABŞ ordusuna “Raybird” kəşfiyyat PUA-ları və müvafiq xidmətlərin tədarükü üçün 10,64 milyon dollar dəyərində müqavilə əldə etdiyini bildirmişdi.
Şirkət elan edilmiş müqavilə üzrə yeganə iddiaçı olub. Tədarüklərin 2026-cı il dekabrın 15-dək başa çatdırılması planlaşdırılır.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
