İran: ABŞ hərbi müdaxilə üçün bəhanə hazırlayır


BAKI, 20 noyabr. TELEQRAF
ABŞ-nin İranı kimyəvi və bioloji silah hazırlamaqda ittiham etməsi ölkəyə qarşı yeni hərbi müdaxilə üçün bəhanə yaratmaq məqsədi daşıyır.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton “İranın nüvə təhlükəsi” ilə bağlı iddialardan sonra indi Tehranın kimyəvi və bioloji silah hazırladığı barədə ittihamlar səsləndirir.
Bəqayi ABŞ-nin 2003-cü ildə İraqa müdaxiləsini xatırladaraq həmin vaxt dövlət katibi Kolin Pauellin BMT Təhlükəsizlik Şurasında kütləvi qırğın silahlarına dair təqdim etdiyi iddiaların sonradan təsdiqlənmədiyini vurğulayıb.
“İndi yenidən eyni saxta ssenari əsasında irəli sürülən təhlükəli ittihamlarla qarşılaşırıq”, – XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, noyabrın 16-da CNN ABŞ kəşfiyyatına istinadən İranın Vaşinqtonda radioaktiv maddələrdən istifadə olunmaqla hücum planlaşdırdığı barədə məlumat yayıb.
İran XİN bu iddiaları əsassız adlandırıb. ABŞ Dövlət katibi Marko Rubio isə Vaşinqtona qarşı belə bir hücumun hazırlandığını göstərən əlamətlərin olmadığını bildirib.