Qazaxıstan Çində istehsal olunan yeni Y-9E hərbi nəqliyyat təyyarəsini qəbul edib


Çində istehsal olunan Y-9E hərbi nəqliyyat təyyarəsi Almatıya çataraq Qazaxıstan silahlı qüvvələrinin nəqliyyat aviasiyası parkına daxil edilib.
Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında Y-9E hərbi nəqliyyat təyyarəsinin Qazaxıstana gəldiyi bildirilib. Açıqlamada təyyarənin Qazaxıstan Respublikasının silahlı qüvvələrinin hərbi nəqliyyat təyyarələri parkına daxil olduğu qeyd edilib.
Y-9E Çinin hərbi aviasiyasında istifadə olunan dörd mühərrikli turbopərli yük təyyarəsi “Shaanxi Y-9”un ixrac versiyasıdır. Xarici görünüşünə görə ABŞ istehsalı olan “C-130 Hercules” təyyarəsinə bənzəyir və qoşunların, nəqliyyat vasitələrinin, eləcə də təchizatın daşınması üçün nəzərdə tutulub.
“Scramble” aviasiya nəşrinin məlumatına görə, Qazaxıstan altı Y-9E təyyarəsi sifariş edib. Bu, Namibiyadan sonra həmin təyyarənin ikinci xarici müştərisi olacaq.
Namibiya 2024-cü ilin dekabrında iki Y-9E təyyarəsi qəbul edib.
Yeni təyyarənin gəlişi Qazaxıstanın hazırda Çin və Avropa istehsalı olan nəqliyyat təyyarələrindən ibarət aviaparkına əlavə olunub. Qazaxıstan noyabrın 2-də Almatıda ikinci “Airbus A400M” təyyarəsini qəbul etməklə 2021-ci ildə verilmiş iki təyyarəlik sifarişi tamamlayıb.
Çin istehsalı olan yük təyyarələri Qazaxıstan üçün yeni deyil. Ölkənin Milli Qvardiyası 2018-ci ildə sifariş etdiyi səkkiz “Y-8F200W” nəqliyyat təyyarəsindən birincisini qəbul edib. Y-8 təyyarəsinin mənşəyi sovet istehsalı olan “Antonov An-12”yə gedib çıxır. Y-9 isə yeni mühərriklər və şüşə kokpitlə təchiz edilərək həmin model əsasında hazırlanıb.
Sentyabr ayında Qazaxıstan üçün nəzərdə tutulan iki Y-9E təyyarəsi Çində uçuş sınaqlarından keçirilib. “Scramble” aviasiya jurnalının məlumatına görə, ümumi sifariş altı təyyarədən ibarətdir.
Sevinc Əliyeva Ordu.az
1 mənbə