ABŞ HHQ 1970-ci illərin raketlərini sınaqdan keçirmək üçün nüvə elektromaqnit impulsunu imitasiya etmək istəyir


ABŞ Hərbi Hava Qüvvələri “Minuteman III” qitələrarası ballistik raketlərinin yerləşdiyi obyektlərdə elektromaqnit impulsuna davamlılığın yoxlanılması üçün yeni sınaqlar keçirməyi planlaşdırır.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin noyabrın 17-də şirkətlərə göndərdiyi tender bildirişində məlumat verilib.
ABŞ 1962-ci ildə Sakit okean üzərində 400 kilometr yüksəklikdə nüvə partlayışı həyata keçirib. Təxminən 1 445 kilometr uzaqlıqda yerləşən Havay adalarında 300-ə yaxın küçə işığı sönüb, oğurluq siqnalları işə düşüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Zərərə elektromaqnit impulsu (EMP) adlanan görünməz enerji dalğası səbəb olub.
60 ildən çox vaxt keçməsinə baxmayaraq, ABŞ Hərbi Hava Qüvvələri nüvə raketlərinin eyni tipli elektromaqnit impulsuna davam gətirə biləcəyini yoxlamaqda davam edir. Qurum noyabrın 17-də ABŞ-nin quruda yerləşən yeganə nüvə raketi olan “Minuteman III” üçün növbəti elektromaqnit impulsu sınaqları üzrə şirkətləri tenderdə iştirak etməyə dəvət edib.
Tenderin mühüm şərti var. Qalib şirkət nüvə impulsunu imitasiya edən öz qurğusunu təmin etməlidir. Bildirişə əsasən, bu qurğu “hökumət tərəfindən nüvə təhlükəsizliyi baxımından təsdiqlənməli və sertifikatlaşdırılmalıdır”. Təkliflərin təqdim edilməsi üçün son tarix yanvarın 20-si müəyyən edilib.
Hərbi Hava Qüvvələri işin dəyərini, nə qədər davam edəcəyini və neçə raket obyektində sınaq aparılacağını açıqlamayıb. Ətraflı sənədlər yalnız təsdiqlənmiş şirkətlər üçün əlçatandır.
Nüvə silahı yüksək hündürlükdə partladıqda onun radiasiyası atmosferin yuxarı təbəqələrinə təsir edir və hava molekullarından elektronları ayırır. Bu elektronlar saniyənin çox kiçik bir hissəsində yaranan güclü enerji axını formalaşdırır. Həmin enerji yüzlərlə kilometr məsafədə Yer səthinə yayılır.
Elektrik xətləri, kabellər və antenalar kimi uzun naqillər bu enerji impulsunu qəbul edərək birbaşa elektron avadanlıqlara ötürə bilər.
Mülki avadanlıqların əksəriyyəti belə təsirlərə davam gətirmək üçün nəzərdə tutulmayıb. “Minuteman III” raket obyektləri isə bu təhlükəyə qarşı hazırlanıb. Raketlərin buraxılış mərkəzləri və şaxtaları elektromaqnit impulsunun daxil olmasının qarşısını almaq üçün metal qoruyucu örtüklər və gərginlik artımından mühafizə sistemləri ilə təchiz edilib. Bu, nüvə hücumundan sonra da raketlərin buraxılmasına imkan verməlidir.
Lakin bu qorunma sistemləri zaman keçdikcə öz xüsusiyyətlərini itirə bilər. Hermetik möhürlər köhnəlir, metal korroziyaya uğrayır, kabellər dəyişdirilir və illər ərzində yeni avadanlıqlar əlavə olunur. Kiçik bir boşluq belə elektromaqnit impulsunun sistemə daxil olmasına şərait yarada bilər.
Buna görə də ABŞ Hərbi Hava Qüvvələri mümkün zəif nöqtələri təhlükə yaranmazdan əvvəl müəyyənləşdirmək üçün xüsusi proqram həyata keçirir. Bu proqram “Hardness Surveillance Electromagnetic Pulse Program” (HSEP) adlanır.
Tender bildirişində proqramın vəzifəsi “MMIII raket sistemlərinin elektromaqnit impulsu hücumlarına qarşı davamlılığını sınaqdan keçirmək, müşahidə etmək və təmin etmək” kimi təsvir olunub.
May ayında yayımlanan əvvəlki bildirişdə sınaqların necə keçiriləcəyi izah edilib. Müvafiq icazələrə malik mütəxəssislər komandası elektromaqnit impulsunu imitasiya edən qurğunu raket obyektinə gətirərək quraşdırır. Daha sonra obyektə imitasiya edilmiş impuls göndərilir və onun nə qədər hissəsinin qoruyucu sistemlərdən keçdiyi ölçülür.
Sınaq iki vəziyyəti əhatə edir. Birinci halda 1962-ci ildəki sınağa bənzər şəkildə yüksək hündürlükdə nüvə partlayışı imitasiya olunur. İkinci halda isə partlayış daha aşağı hündürlükdə baş verir və obyekt elektromaqnit impulsunun formalaşdığı zonanın daxilində yerləşir.
Sınaqdan sonra komanda nəticələri təhlil edir, avadanlıqlarını düzəldir və növbəti obyektə keçir.
Hərbi Hava Qüvvələri tenderdə konkret şirkətin adını açıqlamayıb. Lakin əlavə edilmiş sənədlərdən birində podratçıya aid təhlükəsizlik sənədinin fayl adında “General Dynamics Mission Systems” şirkətinin adı yer alır.
Bu şirkət əvvəllər də həmin işləri həyata keçirib. 2021-ci ildə ABŞ Hərbi Hava Qüvvələri HSEP proqramını rəqabətli tender keçirmədən “General Dynamics Mission Systems” şirkətinə verməyi planlaşdırdığını bildirmişdi. Yeni sənədlər paketindəki başqa bir fayl isə “HSEP Follow-On” adlanır.
“Minuteman III” raketləri 1970-ci ildə döyüş növbətçiliyinə qəbul edilib. Hazırda ABŞ-nin beş ştatında yerləşən raket şaxtalarında təxminən 400 belə raket var. Onların 2030-cu illərin ortalarında silahlanmadan çıxarılması nəzərdə tutulurdu.
Sevinc Əliyeva Ordu.az