Qızıl yüklü gəmini tapdı, amma özü həbsə düşdü

1857-ci ildə ABŞ sahillərində batan və içərisində milyonlarla dollar dəyərində qızıl olan SS Central America gəmisinin tapılması böyük sərvət uğrunda uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb olub. Gəmini aşkar edən xəzinə axtarışçısı isə sonradan investorlarla mübahisəyə görə həbs edilib.
HİT.az xəbər verir ki, bu barədə "Popular Science" jurnalı yazıb.
XIX əsrin ortalarında Nyu-Yorkla Panama arasında sərnişin və yük daşımalarını həyata keçirən SS Central America gəmisi 3 sentyabr 1857-ci ildə 592 nəfərlə səfərə çıxıb. Kuba yaxınlığında güclü fırtınaya düşən gəmi sentyabrın 11-də su almağa başlayıb. Ekipajın bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Faciə nəticəsində 425 nəfər həyatını itirib, yalnız təxminən 100 nəfər başqa gəminin köməyi ilə xilas edilib.
Hadisə təkcə böyük insan tələfatı ilə deyil, həm də gəmidə daşınan qızıl yükü ilə tarixə düşüb. Bu sərvət ABŞ-da maliyyə böhranı yaşayan bankların dəstəklənməsi üçün nəzərdə tutulmuşdu. Gəminin batmasından sonrakı bir ay ərzində ölkədəki bankların demək olar ki, hamısı kağız pulları qızıla dəyişməyi dayandırıb.
Gəminin qalıqları yalnız 1980-ci illərdə xəzinə axtarışçısı Tommi Tompsonun rəhbərlik etdiyi Columbus-America Discovery Group ekspedisiyası tərəfindən aşkarlanıb. Təxminən 40 gün davam edən axtarışlar zamanı 1400 kvadrat mil ərazidə sonar və sualtı qurğulardan istifadə edilib.
Sonrakı illərdə gəminin qızıl yükünün böyük hissəsi dənizin dibindən çıxarılıb. 2000-ci ildə onun əsas hissəsi təxminən 50 milyon dollara satılıb. Müasir bazar qiymətləri ilə həmin qızılın dəyərinin 230 milyon dolları keçəcəyi bildirilir.
Lakin xəzinənin tapılması yeni problemlərə yol açıb. Vaxtilə qızılın sahiblərinə sığorta ödənişi etmiş şirkətlər sonradan tapılan sərvətə iddia irəli sürüblər. Uzun sürən məhkəmə proseslərindən sonra sığortaçıların iddiaları təmin edilməyib.
Bunun ardınca ekspedisiyanın maliyyələşdirilməsində iştirak edən investorlar Tompsonu məhkəməyə veriblər. Onlar axtarış nəticəsində əldə olunan gəlirdən öz paylarını ala bilmədiklərini bildiriblər. Tompson 2012-ci ildən 2015-ci ilə qədər gizlənib, daha sonra həbs olunub. O, yalnız 2026-cı ilin martında azadlığa çıxıb.
Maraqlıdır ki, gəminin xəzinə hekayəsi hələ bitməyib. 2018-ci ildə aparılan ekspedisiya zamanı sərnişin bölmələrindən birində yerləşən seyfdə əlavə qızıl aşkarlanıb. Bu isə gəminin qalıqları arasında hələ də üzə çıxarılmamış sərvətin ola biləcəyi ehtimalını gücləndirir.
Samir