Bu ölkədə korrupsiya yolu ilə əldə edilən əmlakın müsadirəsi asanlaşdırılır


İndoneziyada korrupsiya və digər cinayətlərlə mübarizənin gücləndirilməsi istiqamətində yeni qanun qəbul edilib. Dəyişiklik dövlətə cinayət yolu ilə əldə edildiyi ehtimal olunan əmlakın müsadirəsi üçün əlavə hüquqi imkanlar yaradır.
Plat.az-ın Reuters-ə istinadən xəbər verir ki, İndoneziya parlamenti noyabrın 19-da əmlakın müsadirəsi haqqında qanun layihəsini plenar iclasda təsdiqləyib. Yeni qanun müəyyən hallarda cinayət işi üzrə yekun hökm çıxarılmadan da şübhəli aktivlərin dondurulmasına və müsadirə prosesinin başlanmasına imkan verir. Bu mexanizm xüsusilə cinayətdə şübhəli bilinən şəxsin ölkədən qaçdığı, vəfat etdiyi və ya daimi xəstəlik səbəbindən məhkəmə qarşısına çıxa bilmədiyi halları əhatə edir. İndiyədək dövlətin cinayət yolu ilə əldə edilmiş aktivləri geri qaytarması əsasən cinayət hökmünün çıxarılmasından asılı idi. Yeni qanunun qəbulunu uzun müddətdir vətəndaş cəmiyyəti təşkilatları və korrupsiyaya qarşı mübarizə fəalları tələb edirdilər. Qanun dövlətin maliyyə itkilərinin qarşısının alınması və qanunsuz əldə edilmiş sərvətlərin geri qaytarılması baxımından mühüm dəyişiklik hesab olunur. Bununla belə, əmlakın müsadirəsi zamanı məhkəmə nəzarətinin və mülkiyyət hüquqlarının qorunması məsələləri də xüsusi əhəmiyyət daşıyacaq.
1 mənbə