ABŞ Albaniyaya 210 milyon dollarlıq HIMARS satışını təsdiqləyib


ABŞ Dövlət Departamenti Albaniyaya iki ədəd M142 HIMARS yaylım atəşli reaktiv sistemi və 72 idarəolunan raketin mümkün satışına 210 milyon dollar dəyərində razılıq verib.
Ordu.az xəbər verir ki, ABŞ Albaniya Quru Qoşunlarının modernləşdirilməsi çərçivəsində HIMARS reaktiv yaylım atəş sistemlərinin satışını təsdiqləyib.
2026-cı il noyabrın 17-də verilən razılıq 210 milyon dollar dəyərində mümkün Xarici Hərbi Satış (FMS) paketini əhatə edir.
Satış başa çatacağı təqdirdə, Albaniya Quru Qoşunları müasir dəqiq idarəolunan reaktiv artilleriya imkanlarına sahib olacaq.
Təsdiqlənmiş paketə iki ədəd M142 HIMARS reaktiv yaylım atəş sistemi, 72 ədəd 227 millimetrlik idarəolunan raket və 8 ədəd Beynəlxalq Sahə Artilleriyası Taktiki Məlumat Sistemi (IFATDS) daxildir.
Sursat paketinin 36 ədəd M31A2 vahid döyüş başlıqlı raketdən və 36 ədəd M30A2 alternativ döyüş başlıqlı raketdən ibarət olduğu bildirilir.
Ümumilikdə 72 raket, hər birində 6 sursat olan 12 buraxılış konteyneri vasitəsilə tədarük ediləcək. GMLRS sursatlarının 70 kilometrdən artıq məsafədəki hədəfləri vurmaq imkanına malik olduğu, bəzi atışlarda isə 92 kilometr mənzilə çatdığı qeyd edilir.
Satış paketinə 150 kilometr mənzilli ER GMLRS raketləri və 300 kilometr mənzilli ATACMS taktiki ballistik raketləri daxil edilməyib. Satışın əsas podratçısı ABŞ-nin “Lockheed Martin” şirkəti olacaq.
Albaniya tədarükü ABŞ-nin Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı çərçivəsində təqdim edilən kredit vəsaitləri hesabına maliyyələşdirməyi planlaşdırır.
Paket çərçivəsində taktiki rabitə sistemləri, sursat təchizatı üçün nəqliyyat vasitələri, təxliyə və bərpa maşınları, texniki xidmət avadanlıqları, eləcə də təlim dəstəyi də təqdim ediləcək.
Səkkiz ədəd IFATDS sistemi hədəflər barədə məlumatların emalı, atəş tapşırıqlarının planlaşdırılması və artilleriya bölmələri arasında koordinasiyanın təmin edilməsi üçün istifadə olunacaq.
Bu sistemlərin NATO standartlarına uyğun artilleriya komanda-idarəetmə infrastrukturunun yaradılmasına töhfə verməsi hədəflənir.
M142 HIMARS 6x6 təkərli avtomobil üzərində quraşdırılan və eyni anda altı ədəd 227 millimetrlik idarəolunan raket daşıya bilən reaktiv yaylım atəş sistemidir.
Təxminən 16,25 ton döyüş çəkisinə malik sistem üç nəfərlik heyət tərəfindən idarə olunur və C-130 nəqliyyat təyyarələri ilə daşına bilir.
Albaniya HIMARS sistemlərinin alınması ilə Soyuq müharibə dövründən qalan artilleriya sistemlərinin imkanlarını müasir dəqiq zərbə vasitələri ilə gücləndirməyi hədəfləyir.
2009-cu ildə NATO-ya üzv olan ölkə son illərdə zirehli texnikaya, hava hücumundan müdafiə sistemlərinə, PUA-lara və hərbi rabitə infrastrukturuna yatırımlarını artırır.
ABŞ Dövlət Departamentinin verdiyi razılıq satışın artıq yekunlaşdığı anlamına gəlmir. Tədarük prosesinin başa çatması üçün növbəti prosedurların həyata keçirilməsi tələb olunur.
HIMARS sistemlərinin Albaniyaya nə vaxt təhvil veriləcəyi barədə hələlik açıqlama verilməyib.
Sevinc Əliyeva Ordu.az
