SUMRU müşahidə PUA-sının yeni təhvili həyata keçirilib


DASAL tərəfindən hazırlanan şaquli eniş və qalxma qabiliyyətli sabit qanadlı SUMRU müşahidə PUA-sının yeni partiyası təhvil verilib.
Ordu.az xəbər verir ki, “Altınay” Müdafiə Qrupuna daxil olan DASAL şirkətinin hazırladığı SUMRU sisteminin təhvil prosesi planlaşdırıldığı kimi davam edir.
Yeni əməliyyat bölgəsinə göndərilən sistem sabit qanadlı uçuş quruluşunu şaquli eniş və qalxma qabiliyyəti ilə birləşdirir. O, taktiki kəşfiyyat və müşahidə tapşırıqları üçün nəzərdə tutulub.
Təxminən 15 kiloqram maksimum uçuş çəkisinə malik SUMRU havada 2,5 saat qala bilir. Dəniz səviyyəsindən 3 min metrədək əməliyyat hündürlüyündə fəaliyyət göstərə bilən PUA uçuş-enmə zolağına ehtiyac duymadan havaya qalxıb enə bilir.
Bu xüsusiyyət sayəsində ənənəvi uçuş-enmə infrastrukturu olmayan və ya ondan istifadənin çətin olduğu ərazilərdə də yerləşdirilə bilən SUMRU təhlükəsizlik qüvvələrinə məhdud ölçülü sahələrdən PUA əməliyyatları həyata keçirmək imkanı verir.
Sabit qanadlı dizayn onun daha uzun müddət havada qalmasını təmin edir, şaquli qalxma və enmə qabiliyyəti isə əməliyyat çevikliyini artırır. Sistem müəyyən ərazi üzərində müşahidə apardıqdan sonra havaya qalxdığı nöqtəyə enə bilir.
SUMRU-nun kəşfiyyat və müşahidə imkanlarının əsasını üç ox üzrə sabitləşdirilmiş elektro-optik və infraqırmızı (EO/IR) kamera sistemi təşkil edir.
Sistem 40 qat optik yaxınlaşdırma qabiliyyətinə malik Full HD elektro-optik kamera və 640×512 təsvir ölçülü termal kamera daşıya bilir.
Elektro-optik kamera gündüz görüntüləmə və uzaqdakı obyektlərin detallı araşdırılmasını təmin edir. Termal kamera isə ətrafındakı obyektlərdən temperatur fərqi ilə seçilən hədəflərin aşkarlanmasında istifadə olunur. Bunun sayəsində dəyişən görmə şəraitində və ya işıqlandırmanın zəif olduğu mühitlərdə də kəşfiyyat fəaliyyətlərini davam etdirmək mümkündür.
Real vaxt rejimində görüntü ötürə bilən SUMRU avtonom patrul həyata keçirmək, hərəkətdə olan hədəfləri aşkarlamaq və izləmək imkanlarına da malikdir.
SUMRU radiofrekans rabitəsi vasitəsilə 10 kilometr əməliyyat radiusunda fəaliyyət göstərə bilir. LTE rabitə seçimi ilə bu məsafə 50 kilometrə çatır.
LTE/4G seçimi uyğun mobil rabitə infrastrukturunun mövcud olduğu ərazilərdə birbaşa görmə xəttindən kənarda rabitə və görüntü ötürülməsinə imkan yaradır.
Əvvəlcədən müəyyən edilmiş tapşırıq marşrutunu izləyə bilən sistem avtonom və yarıavtonom uçuş həyata keçirə bilir. Məlumat bağlantısı kəsildikdə işə düşən avtonom geri qayıtma funksiyası da əməliyyat təhlükəsizliyini artırır.
Cəmi 7 dəqiqəyə quraşdırıla bilən SUMRU “qoş və işlət” müşahidə infrastrukturu sayəsində müxtəlif tapşırıqlarda sürətli istifadəyə imkan verir.
DASAL şirkətinin baş direktoru Kutay Çağıl Büyüköztürk SUMRU sisteminin yeni təhvilini uğurla başa çatdırmaqdan və platformanı yeni əməliyyat bölgələri ilə tanış etməkdən məmnunluq duyduqlarını bildirib.
Təhvil prosesinin davam etdiyini qeyd edən Büyüköztürk deyib: “Təhvil prosesini sürətlə davam etdiririk. Sahədən aldığımız rəylər Türkiyə mühəndisliyi ilə hazırladığımız sistemlərin taktiki sahədəki imkanlarını və əməliyyat etibarlılığını aydın şəkildə ortaya qoyur. DASAL olaraq təhlükəsizlik qüvvələrimizə strateji çeviklik və güc artırıcı təsir təmin edən yüksək texnologiyalı sistemlər istehsal etməyə davam edəcəyik”.
Sabit qanadlı uçuş, şaquli eniş və qalxma, termal görüntüləmə və avtonom tapşırıq imkanlarını birləşdirən SUMRU geniş ərazilərin müşahidəsi, hərəkətliliyin izlənməsi və təhlükəsizlik qüvvələrinin real vaxt rejimində vəziyyətdən xəbərdar olmasının təmin edilməsi məqsədilə taktiki kəşfiyyat və müşahidə tapşırıqlarında istifadə olunur.
Sevinc Əliyeva Ordu.az
