ABŞ-də ilk dəfə Ay torpağının tam analoqunda kartof yetişdirilib
jpg_1795100032.jpg)
jpg_1795100032.jpg)
Amerikalı bioloqlar ilk dəfə Ay torpağının tam analoqunda kartof yetişdirməyə nail olublar. Bunun üçün torpaq nümunələrinə külli miqdarda üzvi gübrə əlavə edilib. Tədqiqatçılar, həmçinin “Ay kartofu” adlandırılan bu üsulla yetişdirilmiş məhsulun təhlükəsizliyini təsdiqləyiblər. Bu barədə Oreqon Ştat Universitetinin (OSU) mətbuat xidməti məlumat yayıb.
“Biz müəyyən etdik ki, Ay torpağının analoquna üzvi maddələrin əlavə edilməsi kartofun həmin torpaqda həyat dövrünü tam başa vurmasına imkan verir. Bu, Ayda uzunmüddətli məskunlaşma və tədqiqat işlərinin aparılması üçün zəruri olan həyat təminatı və ərzaq istehsalı sistemlərinin yaradılması istiqamətində mühüm addımdır”, – deyə OSU-nun dosenti Emerik Qoye universitetin mətbuat xidmətinə açıqlamasında bildirib.
Qoyenin və digər alimlərin qeyd etdiyinə görə, reqolit adlanan Ay torpağı asteroid və kometlərin, eləcə də bu göy cisimlərinin toqquşması nəticəsində parçalanmış Ay qabığının xırda hissəciklərindən ibarətdir. Tərkibinə və onu təşkil edən hissəciklərin quruluşuna görə Yer torpağından əhəmiyyətli dərəcədə fərqlənən reqolitin Yer bitki və heyvanları üçün nə dərəcədə təhlükəsiz olduğunu birmənalı şəkildə müəyyənləşdirmək mümkün deyil.
Bu barədə daha ətraflı məlumat əldə etmək üçün OSU mütəxəssisləri NASA-nın dəstəyi ilə Ay torpağının tam analoqundan istifadə etməklə bir sıra təcrübələr aparıblar. Tədqiqatçılar nümunələrin bir qisminə bitkilər üçün vacib qida maddələri ilə zəngin xüsusi növ kompost əlavə ediblər. Gübrələnmiş Ay torpağının bir neçə variantını hazırladıqdan sonra bioloqlar həmin nümunələrdə kartof əkərək bitkilərin kök salıb inkişaf edə biləcəyini araşdırıblar.
Məlum olub ki, kompostun payı 33 faiz olan Ay torpağı nümunələrində kartof intensiv şəkildə yumrular əmələ gətirib. Kompostun miqdarının 5-15 faizə endirilməsi isə köklərin formalaşmasını xeyli ləngidib və bitkilərin biokütləsinin artımını kəskin şəkildə zəiflədib. Bununla yanaşı, alimlər Ay torpağının kartof yumrularında zəhərli birləşmələrin toplanmasına səbəb olduğuna və ya onların qidalılığını azaltdığına dair heç bir əlamət aşkar etməyiblər.
Tədqiqatçıların ehtimalına görə, kompost yalnız inkişaf edən kartofu zəruri qida maddələri ilə təmin etmir, həm də reqolitdə mövcud olan ağır metalların və digər zəhərli elementlərin bitki köklərində toplanmasının qarşısını alır. Alimlər hesab edirlər ki, Ay torpağının bu cür birləşmələrdən təmizlənməsi üçün yeni üsulların hazırlanması “Ay kartofu”nun məhsuldarlığını daha da artıra bilər. Bu isə gələcəkdə Ayda yaradılacaq bazaların və yaşayış məntəqələrinin öz ərzaq ehtiyatlarını müstəqil şəkildə istehsal etmək imkanlarını genişləndirəcək.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
1 mənbə

Report+1 mənbə