Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb
Rusiyalı mütəxəssislər payızlıq buğda, qarğıdalı və günəbaxanın məhsuldarlığını 15 faizədək artırmağa, ətraf mühitə düşən kimyəvi yükü isə 50 faizədək azaltmağa imkan verən biopreparatlar hazırlayıblar. Bu nəticələr Volqoqrad Dövlət Aqrar Universiteti ilə “İnnopraktika”nın iştirakı ilə yaradılmış “İnnagro” biotexnologiya şirkətinin birgə həyata keçirdiyi üçillik istehsalat sınaqları proqramı çərçivəsində əldə olunub. İki yerli innovativ preparatın sınaqları 2024-cü ildən etibarən Volqoqrad vilayətinin aqrar-sənaye kompleksində bioloji üsulların tətbiqinin genişləndirilməsinə yönəlmiş irimiqyaslı tədqiqat proqramı çərçivəsində aparılıb. Sınaqlara vilayətin beş müxtəlif torpaq-iqlim zonasında yerləşən 14 kənd təsərrüfatı müəssisəsi cəlb edilib. Tədqiqat obyekti kimi region üçün əsas əhəmiyyət daşıyan payızlıq buğda, günəbaxan və qarğıdalı bitkiləri seçilib. “Bu gün kənd təsərrüfatının biolojiləşdirilməsi aqrar-sənaye kompleksinin inkişafında mühüm strateji istiqamətlərdən biridir. Bu işin əsas məqsədi torpağın münbitliyini qorumaq, onun deqradasiyasının qarşısını almaq və kənd təsərrüfatı istehsalının dayanıqlığını artırmaqdır. Bioloji preparatların tətbiqi eyni vaxtda bir neçə vacib məsələnin həllinə imkan verir: əkinləri xəstəliklərdən qorumaq, məhsuldarlığı artırmaq, ətraf mühitə düşən kimyəvi yükü azaltmaq və kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyini yüksəltmək. Nəticə etibarilə söhbət kənd təsərrüfatının ən mühüm resursu olan torpağın qorunmasından, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsindən və aqrar-sənaye kompleksinin uzunmüddətli inkişafı üçün dayanıqlı modelin formalaşdırılmasından gedir”, – deyə “İnnopraktika” şirkətinin icraçı direktorunun müavini, aqrobiotexnologiyalar üzrə direktoru Vladimir Avdeyenko bildirib. Preparatlardan birinin tərkibinə “Methylobacterium extorquens” və “Bacillus subtilis” bakteriyaları daxildir. Bu preparat biofungisid funksiyasını yerinə yetirir, bitkilərin toxumalarına nüfuz edərək onları xəstəliklərdən qoruyur, e












