KİV: Polşa Rusiyanın Ukraynanı günahlandırmaq məqsədilə çoxsaylı insan tələfatı planının qarşısını alıb


Polşa kəşfiyyatı və hərbçiləri Kalininqrad vilayəti ilə sərhəd yaxınlığında Rusiyanın çoxsaylı insan tələfatına səbəb olmaq və məsuliyyəti Ukraynanın üzərinə qoymaq məqsədi daşıyan təxribat planını pozublar.
Ordu.az xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” qəzeti ölkənin təhlükəsizlik qurumlarındakı yüksək vəzifəli mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya xüsusi xidmət orqanları oktyabrın sonlarında və ya noyabrın əvvəllərində Polşa ərazisində hücum hazırlayıb. Onlar həmçinin Rusiya ərazisində yerləşən obyektlərdən birinə hücum səhnələşdirməyi də nəzərdən keçiriblər.
“Biz hücumun həyata keçirilməli olduğu konkret hədəflər barədə məlumatlara malik idik. Ruslar çoxsaylı insan tələfatı olacağını hesablayırdılar”, - deyə qəzetin mənbələrindən biri bildirib.
Rusiyanın təxribatın məsuliyyətini Ukraynanın üzərinə qoymaqla Varşavanı Kiyevə hərbi yardımı dayandırmağa məcbur etməyi planlaşdırdığı bildirilir.
Planlaşdırılan təxribat barədə xəbərdarlıq xarici kəşfiyyat qurumlarından daxil olub. Polşa kəşfiyyatı da sərhəd yaxınlığında təxribat əməliyyatlarını koordinasiya edən rusiyalı zabitləri aşkar edib.
Litva, Latviya və Estoniyanın kəşfiyyat xidmətləri də oxşar xəbərdarlıqlar alıblar.
Təhdidə cavab olaraq Polşa oktyabrın sonlarında sərhədə yaxın ərazilərə əlavə polis bölmələri və Daxili Təhlükəsizlik Agentliyinin (ABW) əməkdaşlarını göndərib. Həmçinin sərhəd boyunca təhlükəsizlik tədbirləri gücləndirilib.
GROM, NIL və AGAT xüsusi təyinatlı bölmələri Varmiya-Mazuriya bölgəsinə yerləşdirilib. Bu addım Polşanın Ərazi Müdafiə Qüvvələrinin həmin ərazidə keçirdiyi hərbi təlimlərdən sonra atılıb.
Polşanın Xüsusi Xidmətlərin Koordinasiyası üzrə naziri Tomaş Semonyak çoxsaylı insanın ola biləcəyi obyektə Rusiyanın terror hücumu planlaşdırması barədə məlumatları şərh edib.
“Belə məlumatlara malik olsaq belə, onları paylaşmırıq”, - deyə nazir bildirib.
Xatırladaq ki, oktyabrın ortalarında Ukrayna Xarici Kəşfiyyat Xidməti NATO-nun şərq cinahında Rusiyanın mümkün təxribatı barədə xəbərdarlıq edib. Ehtimal olunur ki, məqsəd alyansın üzv dövlətlərinin kollektiv müdafiəsini təmin etmək imkanlarına inamı sarsıtmaq olub.
Sevinc Əliyeva Ordu.az