Almaniya Ukraynaya FREYJA raket əleyhinə müdafiə sistemi üçün radarlar tədarük edəcək


Almaniya Avropa tərəfdaşları ilə birlikdə hazırlanan FREYJA raketdən müdafiə sistemi çərçivəsində Ukraynaya radar stansiyaları verəcək.
Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə keçirilən 37-ci “Ramşteyn” görüşündən sonra açıqlama verib.
Nazirin sözlərinə görə, radarlar hava məkanına nəzarət imkanlarını artıracaq və 11 ölkənin iştirakı ilə hazırlanan yeni raketdən müdafiə sisteminin əsas komponentlərindən biri olacaq.
Pistorius radarların modelləri, sayı və tədarük tarixləri barədə məlumat verməyib. Bununla belə, 2026-cı il iyunun 16-da “Fire Point” şirkəti Parisdə keçirilən “Eurosatory” beynəlxalq müdafiə sərgisində Almaniyanın “Hensoldt” şirkəti ilə anlaşma memorandumu imzalayıb.
Razılaşma FREYJA sisteminə artıq IRIS-T SLM hava hücumundan müdafiə sistemlərinin tərkibində istifadə olunan TRML-4D çoxfunksiyalı radarlarının tədarükünü və inteqrasiyasını nəzərdə tutur.
FREYJA sistemi Ukraynanın FP-7.X önləyici raketi əsasında qurulacaq. “Fire Point” şirkəti həmin raketin uçuş sınaqlarına 2026-cı ilin iyununda başlayıb.
Ukrayna prezidenti Volodimir Zelenski oktyabr ayında bildirib ki, Ukrayna FREYJA raketdən müdafiə sistemi üzrə öz üzərinə düşən işləri artıq başa çatdırıb və Avropa tərəfdaşlarının digər komponentlər üzərində işlərini yekunlaşdırmasını gözləyir.
Sistemin ilk sınaqlarının 2026-2027-ci illərin qışında keçirilməsi gözlənilir.
Sevinc Əliyeva Ordu.az
1 mənbə