48,3 milyard dollar və hələ hesablanmayan zərər – ABŞ müharibədən nə itirir?


ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dolları ötüb. Bu məbləğə sursat, hərbi texnikanın əvəzlənməsi və əməliyyat xərcləri daxildir.
Moderator.az xəbər verir ki, Pentaqonun nəzarətçi müavini Aleks Millerin açıqlamasına görə, fevralın sonlarında başlayan ABŞ-İsrail birgə hərbi əməliyyatlarından bəri Vaşinqtonun xərcləri 48,3 milyard dollara çatıb.
Bu rəqəm Konqresin Büdcə İdarəsinin avqustun 1-nə olan 38 milyard dollarlıq əvvəlki proqnozundan təxminən 26 faiz çoxdur.
Millerin sözlərinə görə, hesablamaya Yaxın Şərqdəki ABŞ hərbi bazalarına dəyən ziyan daxil edilməyib. İranın raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində bəzi bazalara ciddi zərər dəyib. Müharibənin qlobal iqtisadi nəticələri də bu məbləğə daxil deyil.
Hərbi qarşıdurma Hörmüz boğazında gəmiçiliyə də ciddi təsir göstərib. İran kommersiya daşımalarına mane olmağa çalışır, ABŞ isə İran limanlarına dəniz blokadası tətbiq edərək bölgəyə, o cümlədən təyyarədaşıyan gəmilərdən ibarət böyük hərbi qüvvələr yerləşdirib.
