Qlobal oyunun qaydaları DƏYİŞİR: “Artıq qatar çoxdan gedib!”


Dünya
18 Noyabr 2026, 16:22
0 baxış
“ABŞ, Rusiya və Çin liderlərinin görüşü öncəsi Ukraynaya qarşı Rusiyaya güzəştə getmək üçün ciddi beynəlxalq təzyiqlər edilir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında AĞ Partiyanın sözçüsü, politoloq Cavanşir Abbaslı bildirib.
Politoloq ABŞ, Rusiya və Çin liderlərinin görüşünü təhlil edib:
“Müharibənin dörd il doqquz aydır davam etdiyi bir vaxtda dünyanın üç əsas güc mərkəzinin rəhbərlərinin eyni masa arxasında görüşməsi xüsusi əhəmiyyət daşıyır. Görüşə hər üç lider öz siyasi və geosiyasi maraqları, eləcə də əlindəki imkanlar çərçivəsində hazırlaşır. Hesab edirəm ki, hazırkı vəziyyətdə Vladimir Putinin danışıqlara müəyyən üstünlüklərlə gəldiyini söyləmək olar. Çünki İran müharibəsi fonunda Donald Tramp administrasiyasının beynəlxalq mövqeyi ilə bağlı ciddi müzakirələr yaranıb. ABŞ-ın İranla qarşıdurmada üzləşdiyi çətinliklөр, eləcə də aralıq seçkilərinin nəticələri Vaşinqtonun siyasi gündəminə əlavə təzyiq formalaşdırıb. Çinlə bağlı isə tamamilə fərqli mənzərə müşahidə olunur. Pekin hərbi qarşıdurmalara cəlb olunmadan iqtisadi və texnoloji imkanlarını genişləndirməkdə davam edir. Görüşdə əsas diqqətin Tramp və Putin üzərində cəmləşəcəyi gözlənilsə də, Çinin mövqeyi prosesin ən mühüm məqamlarından biri olacaq.
Təsadüfi deyil ki, görüş ərəfəsində Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrin intensivləşməsi də diqqət çəkir. Bu hücumlar, sözsüz ki, Putinin danışıqlar masasına zəif gəlməsinə hesablanıb. Lakin düşünmürəm ki, hərbi əməliyyatların intensivləşməsi Rusiyanın danışıqlardakı mövqeyinə ciddi təsir göstərəcək. Çünki artıq qatar çoxdan gedib. Rusiya müharibənin bu müddətində kifayət qədər hərbi və siyasi imkanlar əldə edib. Moskva bundan əvvəl də öz şərtlərini irəli sürüb və görünən odur ki, Putin həmin tələblərdən geri çəkilmək niyyətində deyil. Üstəlik, son dövrlərdə Rusiyanın irəli sürdüyü şərtlər sırasında Finlandiyanın NATO-dan çıxarılması məsələsinin də yer alması diqqət çəkir. Əvvəllər əsas tələb Donbas üzərində nəzarət məsələsi idisə, indi Moskva öz təhlükəsizlik maraqlarını daha geniş coğrafiyada təmin etməyə çalışır. Hesab edirəm ki, Çində keçiriləcək görüşdə Putinin əsas tələbləri məhz bu istiqamətdə olacaq.
Dörd il doqquz ay ərzində biz Ukrayna və Rusiya arasında dəfələrlə qarşılıqlı hücumların, genişmiqyaslı hərbi əməliyyatların və ciddi eskalasiyaların şahidi olmuşuq. Lakin bütün bunlara baxmayaraq, tərəflərin heç biri əsas mövqeyindən geri çəkilməyib. Hazırda Ukraynaya sülh sazişinin imzalanması istiqamətində ciddi təzyiqlər var. Avropa ölkələri də prosesə daha fəal şəkildə qoşulmağa başlayıblar. Bu baxımdan, NATO üzvləri və ümumilikdə Avropa dövlətləri üçün ABŞ, Rusiya və Çin liderlərinin görüşünün nəticələri xüsusi əhəmiyyət daşıyacaq. Digər tərəfdən, burada ən maraqlı məqam Çinin hansı mövqedən çıxış edəcəyidir. Məlumdur ki, Pekinlə Moskva arasında münasibətlər kifayət qədər dərin və strateji xarakter daşıyır. ABŞ isə həm Rusiyanı geosiyasi rəqib, həm də Çini iqtisadi və texnoloji sahədə əsas rəqiblərindən biri hesab edir. Vaşinqtonun hər iki dövlətlə münasibətlərindəki ziddiyyətlər görüşün gedişinə və nəticələrinə təsirsiz ötüşməyəcək”.
Siyasi şərhçinin sözlərinə görə, əsas məsələ Trampın Rusiya və Çinlə münasibətlərdə hansı yanaşmanı ortaya qoyacağıdır:
“Moskva və Pekin bir sıra məsələlərdə ortaq mövqedən çıxış etməyə çalışacaqlar. ABŞ prezidenti isə bu iki dövlətin irəli sürəcəyi tələblərə və təşəbbüslərə qarşı öz mövqeyini qorumağa çalışacaq. Ona görə də görüşün nəticələrini yalnız Tramp-Putin münasibətləri kontekstində deyil, ABŞ-Rusiya-Çin üçbucağında formalaşan yeni geosiyasi münasibətlər baxımından da təhlil etmək lazımdır”.
Nurlan Cəfəri