“Hayabusa-2” kosmik stansiyasının uçuş marşrutu dəyişdirilib
Yaponiyanın “Hayabusa-2” avtomatik planetlərarası stansiyası əvvəlcədən planlaşdırıldığı kimi “1998 KY26” asteroidinə eniş etmək əvəzinə, digər bir səma cisminin – “2015 BM510” asteroidinin yaxınlığından keçəcək. Bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə istinadən “Kyodo” agentliyi məlumat yayıb. Bildirilib ki, “Hayabusa-2”nin “1998 KY26” asteroidinə 2031-ci ildə çatması nəzərdə tutulurdu. Lakin stansiyanın dörd mühərrikindən işlək vəziyyətdə qalan sonuncusunda yaranan nasazlıq səbəbindən uçuş hədəfi dəyişdirilib. Yeni plana əsasən, kosmik aparat 2028-ci ildə “2015 BM510” asteroidinin 17-74 metr məsafəsindən uçub keçəcək. Xatırladaq ki, hələ oktyabr ayında Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi “1998 KY26” asteroidinə doğru hərəkət edən “Hayabusa-2” stansiyasının mühərrikində texniki problemlərin yarandığını açıqlamışdı. Qeyd edək ki, “Hayabusa-2” missiyası 2014-cü ilin dekabrında Yaponiyanın Taneqasima kosmodromundan “H-IIA 202” raketi vasitəsilə buraxılıb. Kosmik aparat Apollon qrupuna aid, Yerə yaxın “Ryuqu” asteroidinə 2018-ci ilin iyununda çatıb. Həmin ilin sentyabrında missiyaya daxil olan “Rover-1A” və “Rover-1B” robotlarının yerləşdiyi “MINERVA II-1” konteyneri dünyada ilk dəfə olaraq asteroidin səthinə yumşaq eniş edib. Daha sonra digər səma cisimlərini tədqiq etmək məqsədilə missiyanın müddəti uzadılıb. Yasəmən MUSAYEVA, “Azərbaycan”












jpg_1795007206.jpg)