Yeni Azərbaycan Partiyasının 21 noyabr 1992-ci ildə təsis olunmasının tarixi-siyasi əhəmiyyəti


Yeni Azərbaycan Partiyasının 21 noyabr 1992-ci ildə təsis olunması Azərbaycan dövlətçilik tarixində mühüm siyasi hadisələrdən biri kimi xüsusi yer tutur. Həmin dövrdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, siyasi qeyri-sabitlik, iqtisadi böhran və müstəqilliyin itirilməsi təhlükəsi xalqın qarşısında ciddi çağırışlar yaratmışdı. Belə bir şəraitdə güclü siyasi iradəyə, dövlətçilik təcrübəsinə və xalqın etimadına malik siyasi qüvvənin formalaşmasına böyük ehtiyac var idi. Yeni Azərbaycan Partiyasının yaradılması məhz bu zərurətdən irəli gəlirdi. 1992-ci il oktyabrın 16-da Azərbaycanın müxtəlif bölgələrindən olan 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti ölkənin gələcək siyasi inkişafı baxımından tarixi addım oldu. Müraciətdə Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi partiyanın yaradılması təklif edilirdi. Ulu Öndərin bu təşəbbüsə müsbət münasibəti və siyasi proseslərə rəhbərlik etməsi xalqın gözləntilərinə cavab verən yeni siyasi mərhələnin əsasını qoydu. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. Bununla da Azərbaycanın siyasi həyatında yeni təşkilatlanma və mübarizə mərhələsi başlandı. Partiyanın yaranması yalnız yeni siyasi təşkilatın meydana çıxması deyil, həm də ölkənin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və milli maraqların müdafiəsi istiqamətində tarixi bir missiyanın başlanğıcı idi. Yeni Azərbaycan Partiyasının siyasi platformasının əsasını müstəqil dövlətçilik, milli birlik, sabitlik, demokratiya, hüquqi dövlət quruculuğu və sosial rifah prinsipləri təşkil edirdi. Partiya qısa müddət ərzində geniş xalq dəstəyi qazandı. Bu dəstəyin əsas səbəbi Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalq qarşısında qazandığı böyük nüfuz idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. Ölkədə vətəndaş qarşıdurması təhlükəsi aradan qaldırıldı, dövlət idarəçiliyində sabitlik təmin edildi, müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi. Bu prosesdə Yeni Azərbaycan Partiyası dövlətçilik maraqlarının müdafiəsində mühüm siyasi qüvvə kimi çıxış etdi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycanın iqtisadi gücü artdı, beynəlxalq mövqeləri möhkəmləndi, ordu quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edildi. Ən əsası, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazilərində suverenliyinin tam bərpa olunması Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu gün Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi fəaliyyətini davam etdirir. Partiyanın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi və geosiyasi şəraitdə keçirilməsi onun qarşısında dayanan vəzifələrin və məsuliyyətin daha da artdığını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.” Nəticə etibarilə, 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm siyasi hadisə, milli həmrəyliyin və siyasi iradənin təzahürü idi. Bu tarixi qərar ölkənin gələcək inkişaf strategiyasının formalaşmasına, dövlət müstəqilliyinin qorunmasına və güclü Azərbaycanın qurulmasına mühüm töhfə verdi. Bu gün partiyanın keçdiyi 34 illik şərəfli yol həmin tarixi qərarın nə qədər uzaqgörən və əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.
Rauf Nəcəfov YAP Sədərək rayon təşkilatının məsləhətçi