Cared Kuşnerin 32 milyon dollarlıq müdafiə sənayesi investisiyasını gizlətdiyi iddia olunur


19.11.2026 - 21:44
ABŞ Prezidentinin kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşnerin investisiya şirkəti “Affinity Partners”in ABŞ-ın müdafiə sənayesi şirkəti “Arxis”dəki 32 milyon dollarlıq payını vaxtında açıqlamadığı üzə çıxıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, “Affinity Partners” 2026-cı ilin avqustunda ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi hesabatda “Arxis” şirkətindəki 32 milyon dollarlıq investisiyasını göstərməyib. Bu barədə məlumat yalnız noyabrın 5-də, ABŞ-da aralıq seçkilərdən iki gün sonra təqdim edilən düzəliş edilmiş hesabatda açıqlanıb.
“Arxis” F-35 qırıcı təyyarələri, hərbi gəmilər, nüvə sualtı qayıqları və raketdən müdafiə sistemləri üçün komponentlər istehsal edir. Şirkətin gəlirlərinin əhəmiyyətli hissəsi ABŞ hökumətinin müdafiə sifarişlərindən formalaşır.
Məsələ Kuşnerin Ukrayna və Yaxın Şərqdəki münaqişələrin nizamlanması üzrə ABŞ nümayəndəsi kimi fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyi üçün mümkün maraqlar toqquşması ilə bağlı suallar yaradıb.
Qeyd edək ki, nəşr Kuşnerin və “Affinity Partners”in məsələ ilə bağlı şərh sorğularına cavab vermədiyini yazıb.
Rauf
