Avropa İttifaqı Rusiyaya qarşı təzyiqləri danışıqlara qədər artıracaq


22:58 / 19.11.2026
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen Moskva danışıqlar masasına oturmağa razılıq verənə qədər Rusiyaya qarşı təzyiqləri artırmağa davam edəcəklərini bildirib.
AFN.az xəbər verir ki, o, Ukraynanın güclü mövqeyə gətirilməsinin sülh üçün əsas şərt olduğunu vurğulayıb.
Fon der Lyayen Berlində keçirilən Könüllülər Koalisiyasının toplantısından sonra ABŞ-nin X sosial şəbəkəsində açıqlama verib.
Toplantıda səsləndirdiyi fikirlərə toxunan fon der Lyayen bildirib ki, onun əsas mesajı sülhün Ukraynanın güclü mövqeyə gətirilməsindən asılı olmasıdır.
O, Aİ-nin Ukraynaya təqdim edəcəyi 45 milyard avroluq yeni kreditin bu məqsədə töhfə verəcəyini qeyd edib.
Rusiyanı danışıqlar masasına gətirmək üçün təzyiqləri artırmağa davam edəcəklərini vurğulayan fon der Lyayen 22-ci sanksiyalar paketinin hazırlanmaqda olduğunu bildirib.
Avropa İttifaqı Şurasının sədri Antonio Koşta da Ukraynaya dəstəklərinin davam edəcəyini bəyan edib.
Koşta yalnız Ukraynanın suverenliyinə hörmət edən sülhün ədalətli və davamlı ola biləcəyini bildirib.
Könüllülər Koalisiyasının Ukraynaya göstərə biləcəyi dəstəyin əhəmiyyətinə diqqət çəkən Koşta gələcəkdə təqdim edilə biləcək təhlükəsizlik təminatlarının da bu baxımdan mühüm rol oynadığını vurğulayıb.
Almaniyanın paytaxtı Berlində Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin dəvəti ilə Ukraynada sülh və Avropanın təhlükəsizliyi naminə birlik mövzusunda Könüllülər Koalisiyasının toplantısı keçirilib.
Baş nazirlik binasında təşkil olunan toplantıda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, Ukrayna Prezidenti Volodimir Zelenski və 30-dan çox ölkənin nümayəndələri iştirak ediblər.
NATO-nun baş katibi Mark Rütte, Aİ Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ Şurasının sədri Antonio Koştanın da qatıldığı toplantıda Türkiyəni milli müdafiə naziri Yaşar Gülər təmsil edib.
Toplantıda Ukraynaya dəstəyin davam etdirilməsi, diplomatik səylərin əlaqələndirilməsi və mümkün atəşkəs halında təmin edilə biləcək təhlükəsizlik zəmanətləri müzakirə olunub.
AFN.az
