Xüsusi Olimpiya Hərəkatının Avropa və Avrasiya regionunun prezidenti Azərbaycana təşəkkür edib


Bakı, 19 noyabr, AZƏRTAC
Avropa badminton turnirinə ev sahibliyi etmək üçün Bakıda olmaq bizim üçün böyük şərəfdir. Bu tədbirin təşkilinə görə Azərbaycan Xüsusi Olimpiya Komitəsinə və Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm. Burada bizi çox səmimi qarşıladılar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xüsusi Olimpiya Hərəkatının Avropa və Avrasiya regionunun prezidenti və icraçı direktoru Sven Albrext Bakıda keçirilən Avropa badminton yarışının açılış mərasimində çıxışı zamanı səsləndirib.
O, Azərbaycanın qonaqpərvərliyini və beynəlxalq idman tədbirlərinin təşkili sahəsində təcrübəsini xüsusi vurğulayıb: “Hamımız bilirik ki, Azərbaycan qonaqpərvərliyi ilə həqiqətən məşhurdur. Ölkə böyük idman tədbirlərinə ev sahibliyi etməsi ilə tanınır. İndi isə inklüziv idman sahəsində də bu xüsusiyyəti ilə seçilir”.
S.Albrext qarşıdakı günlərdə maraqlı yarışların və tədbirlərin keçiriləcəyinə ümidvar olduğunu bildirib, idmançılara uğurlar arzulayıb. O, həmçinin Beynəlxalq və Avropa Badminton federasiyalarına göstərdikləri dəstəyə görə təşəkkür edib.
“Azərbaycanda xoş vaxt keçirməyinizi arzulayıram. Bu tədbirə ev sahibliyi etdiyinizə görə bir daha təşəkkür edirəm”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən Avropa badminton yarışı noyabrın 21-dək davam edəcək. Yarışda 18 ölkəni təmsil edən idmançılar mübarizə aparırlar. Beynəlxalq tədbirin əsas məqsədi xüsusi olimpiya hərəkatı çərçivəsində idmançılar üçün yarış imkanlarını genişləndirmək, onların idman təcrübəsini artırmaq və idmanda inklüzivliyi təşviq etməkdir.
Müxbir - Mikayıl Məmmədov
Operator - Vüsal Tağıyev
Dərc vaxtına görə