Partlayışda ölənlərin sayı beşə çatıb


Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı beşə çatıb, dağıntılar altında qaldığı ehtimal edilən daha bir nəfərin axtarışı davam etdirilir.
“İki sahil” xəbər verir ki, xilasedicilər dağıntılar altından daha bir nəfərin meyitini çıxarıblar.
Hadisə nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 31 yaşlı kişinin vəziyyəti ağırdır. Onun bədəninin təxminən 87 faizi yanıb, tənəffüs yolları zədələnib.
Hazırda dağıntılar altında qalan sonuncu şəxsin axtarışı aparılır.
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvilinin sözlərinə görə, hadisə beşinci mərtəbədəki mənzildə qazla işləyən qızdırıcı cihazdan istifadə zamanı baş verib.
Xatırladaq ki, Azərbaycan Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.