“Voyager 1” Yer kürəsindən bir işıq günü məsafəsinə çatıb


NASA-nın “Voyager 1” kosmik aparatı Yer kürəsindən bir işıq günü məsafəsinə çatan ilk insan istehsalı obyekt olub.
Plat.az-ın “Anadolu” Agentliyinə istinadla məlumatına görə, aparat bu məsafə həddini noyabrın 18-də Bakı vaxtı ilə 14:16-da keçib. NASA hesablamalarına əsasən, “Voyager 1” hazırda Yer kürəsindən təxminən 25,9 milyard kilometr uzaqdadır.
Bir işıq günü işığın 24 saat ərzində qət etdiyi məsafədir. Bu səbəbdən Yer kürəsindən aparata göndərilən siqnalın çatması təxminən bir gün, cavabın geri qayıtması isə əlavə bir gün tələb edir.
1977-ci il sentyabrın 5-də buraxılan “Voyager 1” əvvəlcə Yupiter və Saturn planetlərini araşdırmaq üçün nəzərdə tutulmuşdu. Aparat 2012-ci ildə ulduzlararası kosmosa daxil olan ilk kosmik cihaz kimi tarixə düşüb.
Təxminən 49 ildir fəaliyyət göstərən kosmik aparatın elmi cihazlarının yalnız ikisi hələ də işlək vəziyyətdədir. NASA mühəndisləri onun məlumat ötürməsini daha bir neçə il davam etdirməyə ümid edirlər.
“Voyager 1”in əkizi olan “Voyager 2” isə fərqli trayektoriya ilə hərəkət edir və eyni məsafəyə yalnız 2035-ci ildə çatacağı gözlənilir.