Netanyahu və Ben-Qvirin partiyasından olan deputatlar İsrail parlamentindən qovuldu


Kateqoriya məlum deyil19.11.2026 15:33
İsrailin müvəqqəti Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasının və Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin təmsil olunduğu “Yəhudi Gücü” Partiyasının deputatları parlamentin iclas zalından çıxarılıblar.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İsrail parlamentinin (Knesset) plenar iclasında baş verib. Belə ki, İsrail vətəndaşı olan fələstinliləri təmsil edən “Ortaq Siyahı” fraksiyasının liderlərindən biri, deputat Əhməd Tibi iclasa sədrlik etdiyi zaman sağçı deputatların şifahi hücumlarına məruz qalıb. Mübahisə zamanı Likud Partiyasının deputatları Almog Koen, Ofir Kats və Erez Tadmor, eləcə də “Yəhudi Gücü” Partiyasının deputatı Hanamel Dorfman Əhməd Tibiyə və fələstinli deputatlara “terror tərəfdarı” deyə müraciət ediblər.
Bundan sonra Əhməd Tibi müdaxilə edərək adıçəkilən deputatların iclas zalından çıxarılmasını təmin edib. İclas zamanı Hanamel Dorfman tribunadan Tibiyə “Sən parlamentin sədri deyilsən, terrorun sədrisən” deyə müraciət edib. Tibi isə onun tribunadan uzaqlaşdırılmasını və plenar iclas zalından çıxarılmasını tələb edib. Əhməd Tibi parlament sədrinə “terror tərəfdarı” deməyin qanunlara zidd olduğunu vurğulayaraq, Ben-Qvirə işarə ilə “Terrorçuluğa görə məhkum edilmiş yeganə deputat sənin partiyanın sədridir” deyə bildirib. O, sağçı deputatlara müraciətində isə “Mən iclasa sədrlik edərkən heç kim başqa bir deputatı terror tərəfdarı adlandıra bilməz. Yeni qaydalara alışın”, – deyə qeyd edib.
Qeyd edək ki, Likud Partiyasının deputatları Ofir Kats, Almog Koen və Erez Tadmor da fələstinli deputatlara qarşı “xain” və “terror tərəfdarı” ifadələrindən istifadə etdiklərinə görə iclas zalından çıxarılıblar.
Bəsti RəfizadəSfera.az
1 mənbə
