Gənc oğlan xəndək qazarkən dünyanın ən qədim qızıl xəzinəsini tapdı


1972-ci ildə Bolqarıstanın Varna şəhərində aparılan qazıntılar zamanı dünyanın ən qədim böyük işlənmiş qızıl kolleksiyası aşkar edilib. Maraqlıdır ki, tarixi tapıntı təsadüfən, 22 yaşlı gəncin xəndək qazdığı zaman üzə çıxıb.
HİT.az xəbər verir ki, bu barədə “Marca” nəşri yazıb.
Hadisə 1972-ci il oktyabrın 22-də Qara dəniz sahilindən uzaq olmayan ərazidə baş verib. Ekskavatorla xəndək qazan gəncin texnikası torpağın altında gizlənən qeyri-adi əşyalara rast gəlib. Tapıntıların tarixi əhəmiyyətini anlamayan oğlan onlardan bir neçəsini toplayaraq ayaqqabı qutusuna qoyub və evinə aparıb. Bir neçə gün sonra isə bu barədə yerli arxeoloqlara məlumat verib.
Gəncə tapıntısına görə 500 Bolqar levi məbləğində mükafat verilib. Həmin dövrdə bu pul bir neçə aylıq əməkhaqqına bərabər olub.
Qazıntılar zamanı 3 mindən çox qızıl əşya tapıldı
Ərazidə aparılan araşdırmalar nəticəsində Mis dövrünə aid qədim qəbiristanlıq – Varna nekropolu aşkar edilib. Arxeoloji qazıntılar təxminən 20 il davam edib. Bu müddət ərzində 300-ə yaxın qəbir müəyyənləşdirilib. Onlardan 62-də qızıl əşyalara rast gəlinib.
Ümumilikdə, arxeoloqların aşkarladığı qızıl artefaktların sayı 3 mini, ümumi çəkisi isə təxminən 6 kiloqramı ötüb. Tapıntılar arasında qızıl boyunbağılar, bilərziklər, sırğalar və geyimləri bəzəmək üçün istifadə edildiyi ehtimal olunan kiçik disklər var.
Əşyaların eramızdan əvvəl 4600-4200-cü illərə aid olduğu bildirilir. Varna qızılı hazırda dünyada məlum olan ən qədim böyük işlənmiş qızıl kolleksiyası hesab edilir.
Tapıntılar arasında xüsusilə 43 nömrəli qəbir diqqət çəkib. Burada yaşı 60-dan çox olan kişinin qalıqları aşkarlanıb. Onun məzarı nekropolda tapılan bütün qızıl əşyaların təxminən üçdə birini özündə birləşdirib. Qəbirdə qızıl əsa və müxtəlif zinət əşyaları da olub.
Qədim cəmiyyətdə sosial bərabərsizlik
Varna nekropolunun aşkar edilməsi Avropanın tarixdən əvvəlki dövrünə dair elmi təsəvvürləri dəyişib. Tapıntılar göstərir ki, hələ eramızdan əvvəl V minillikdə bölgədə inkişaf etmiş və sosial təbəqələşmənin mövcud olduğu cəmiyyət formalaşıb.
Qızıl əşyaların qəbirlər arasında qeyri-bərabər bölünməsi həmin dövrdə bəzi insanların digərləri ilə müqayisədə daha çox sərvətə və nüfuza sahib olduğunu göstərir.
Bu isə qədim Misir və Mesopotamiya sivilizasiyalarının yüksəlişindən xeyli əvvəl Avropada mürəkkəb ictimai quruluşun mövcudluğuna dair mühüm arxeoloji sübutlardan biri hesab olunur.
Samir
