Avstraliyada işsizlik son beş ilin ən yüksək səviyyəsinə çatdı


Avstraliyada əmək bazarında zəifləmə əlamətləri güclənib. Ölkədə işsizlik səviyyəsinin yüksəlməsi iqtisadi artımın gələcək perspektivləri ilə bağlı narahatlıqları artırıb.
Plat.az-ın Avstraliya Statistika Bürosunun məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin oktyabrında ölkədə mövsümi amillər nəzərə alınmaqla işsizlik səviyyəsi 4,9 faizə yüksəlib. Bu, 2021-ci ilin oktyabrından bəri qeydə alınan ən yüksək göstəricidir. Hesabat dövründə məşğul əhalinin sayı 44 min nəfər azalıb, işsizlərin sayı isə 18 min nəfər artıb. Xüsusilə gənclər arasında işsizlik səviyyəsinin yüksəlməsi diqqət çəkib. 15–24 yaş qrupunda işsizlik sentyabr ayındakı 11,1 faizdən oktyabrda 11,3 faizə çatıb. Eyni zamanda, əhalinin məşğulluq səviyyəsi 0,3 faiz bəndi azalaraq 63,3 faizə düşüb. İqtisadiyyatda iş yerlərinin sayının zəifləməsi və istehlak tələbinin aşağı olması ölkənin mərkəzi bankının gələcək faiz siyasəti ilə bağlı gözləntilərə də təsir göstərir.