Türkiyənin Qəzza planı reallaşacaq?: "ABŞ-ni nəzərə almaq lazımdır"


Ərdoğanın müsəlman ölkələrini İsrailə qarşı daha sərt mövqe tutmağa çağırması İslam dünyasında birlik məsələsini yenidən gündəmə gətirib. Türkiyə Qəzzadakı humanitar böhranın dayandırılması üçün daha fəal addımlar atılmasını istəyir və bölgəyə konteyner evlər göndərməyə hazır olduğunu bildirir. Lakin hələlik Ərdoğanın çağırışına müsbət cavab yoxdur.
Bəs Ərdoğanın çağırışı müsəlman ölkələrini real addımlar atmağa sövq edə biləcəkmi?
Bu haqda politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlamasında bildirib ki, Türkiyə prezidentinin çağırışına müsəlman ölkələrinin reaksiyası eyni olmayacaq.
Onun sözlərinə görə, Pakistan, İran və İndoneziya kimi dövlətlər Rəcəb Tayyib Ərdoğanın mövqeyini dəstəkləyərək daha qəti addımlar atmağa çalışacaqlar:
“Digər müsəlman ölkələrinin isə bu məsələdə ehtiyatlı davranacağı gözlənilir. Həmin dövlətlər daha çox diplomatik və humanitar istiqamətdə dəstək göstərməyə üstünlük verəcək, iqtisadi təzyiqlərə isə qoşulmaqdan çəkinəcəklər. Çünki İsraillə iqtisadi əməkdaşlıq bəzi müsəlman ölkələri üçün də mühüm əhəmiyyət daşıyır”.
Politoloq bu baxımdan Azərbaycanı nümunə göstərib. O bildirib ki, Azərbaycan Türkiyə ilə müttəfiq olsa və Ankaranın haqlı tələblərini dəstəkləsə də, İsrail də ölkəmizin strateji tərəfdaşlarından biridir. O bildirdi ki, bu baxımdan iki ölkə arasında mövcud olan mühüm iqtisadi əlaqələr də nəzərə alınmalıdır:
“Məsələyə ABŞ amilini də əlavə etmək lazımdır. Vaşinqton İsrailə qarşı təzyiqlərin artırılmasını müsbət qarşılamaya bilər. Bir sıra müsəlman ölkələri isə ABŞ ilə münasibətlərinin korlanmasını istəmədiyindən bu istiqamətdə sərt addımlardan yayınmağa çalışacaq”.
O, İslam dünyasında vahid qərar mexanizminin olmamasını da ortaq mövqenin formalaşmasına mane olan əsas səbəblərdən biri kimi qiymətləndirib. Səmədovun sözlərinə görə, müsəlman ölkələri arasında bu cür məsələlərdə ümumi qərarın qəbulunu təmin edən mexanizmin mövcud olmaması dövlətlərin fərqli mövqelərdən çıxış etməsinə gətirib çıxarır.
“Türkiyənin Qəzzaya konteyner tipli yaşayış evləri göndərmək təşəbbüsünə gəlincə, politoloq bunun da asan reallaşmayacağını bildirib. Bölgənin sərhədlərinə İsrail nəzarət edir və həmin evlərin Qəzzaya çatdırılması üçün İsrailin buna icazə verməsi vacibdir. Əks halda, Türkiyənin bu təşəbbüsünü həyata keçirməsi mümkün olmayacaq.
Türkiyənin çağırışına dəstək verən ölkələr olsa da, siyasi və iqtisadi maraqlar, eləcə də beynəlxalq münasibətlər İslam dünyasının vahid və sərt mövqe ortaya qoymasını çətinləşdirir”, - ekspert qeyd edib.
İradə Elsevər
Sfera.az
