Universitet imtahanı zamanı təyyarə uçuşları DAYANDIRILACAQ – 8 400 əməkdaş səfərbər ediləcək


Cənubi Koreyada universitetə qəbul imtahanı zamanı təyyarələrin uçuşu dayandırılacaq, Wi-Fi söndürüləcək.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Cənubi Koreyada milyonlarla şagirdin universitetə qəbul üçün verdiyi “Suneun” imtahanı ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri görüləcək.
İmtahan zamanı telefonlara səssiz rejimdə belə eşidiləcək xüsusi bildirişlər göndəriləcək. Təyyarələrin uçuşu 35 dəqiqə müddətinə dayandırılacaq, imtahan mərkəzlərinin yaxınlığında ictimai Wi-Fi şəbəkələri söndürüləcək.
Şagirdlərin eynəkləri yoxlanılacaq, geyim düymələrinə gizli kameraların qarşısını almaq üçün xüsusi nişanlar yapışdırılacaq. İmtahan iştirakçılarına şəxsi pozan, korrektor, mexaniki karandaş və marker gətirmək qadağan ediləcək, bu ləvazimatlar təşkilatçılar tərəfindən təmin olunacaq.
İmtahan zamanı təhlükəsizliyə əlavə 8 400 əməkdaş cəlb ediləcək. İmtahan mərkəzlərinin 200 metr yaxınlığında avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, ictimai nəqliyyatın sürəti azaldılacaq və tikinti işlərində səs-küy minimuma endiriləcək.
Elektron vasitələrlə köçürməyə görə 5 ilədək həbs cəzası nəzərdə tutulur. Qayda pozuntusu barədə məlumat verənlərə isə 100 milyon von (təxminən 117 min manat) məbləğinədək mükafat vəd edilir.
Bildirilib ki, Cənubi Koreya prezidenti də imtahan təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Xuraman Etibarlı
İnterpress.az

Report+1 mənbə