Ukrayna müttəfiqlərindən əlavə 40 ədəd F-16 və “Mirage” qırıcısı istəyib


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hava hücumlarına qarşı müdafiə imkanlarını gücləndirmək üçün müttəfiq ölkələrdən əlavə 40 ədəd F-16 qırıcısı və daha çox “Mirage” təyyarəsi istəyib.
Ordu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə NATO qərargahında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu toplantısında bildirib.
Zelenski Ukraynanın hazırkı F-16 parkından Rusiyanın PUA və raket hücumlarına qarşı istifadə edildiyini, lakin təyyarələrin texniki xidmət və təmir proseslərinin onların əməliyyat imkanlarına mənfi təsir göstərdiyini deyib.
“Hazırda sahib olduğumuz, Rusiyanın “Şahid” PUA-larını və raketlərini vuran F-16-lar uçuşda olduğundan daha çox təmirdə vaxt keçirir”, - deyə Zelenski bildirib.
Ukrayna prezidenti hava hücumundan müdafiə tapşırıqlarını davam etdirə bilmək üçün daha çox qırıcıya ehtiyac duyduqlarını vurğulayaraq F-16 tədarükünə dəstək verən ölkələrə müraciət edib.
“Buna görə də bizə daha çox qırıcı lazımdır. Daha çox F-16. Xüsusilə əlavə 40 ədəd F-16 qırıcısına ehtiyacımız var”, - deyə Zelenski bildirib.
Ukrayna indiyədək Avropa ölkələrinin silahlanmasından çıxardığı F-16 qırıcılarını təhvil alıb. Həmin ölkələrin bir qismi öz hava qüvvələrində F-16 təyyarələrini F-35 qırıcıları ilə əvəz edir.
Zelenski Fransa ilə “Rafale” qırıcılarının tədarükü prosesinin uzun vaxt aparacağını bildirərək Avropa ölkələrindən mövcud “Mirage” təyyarələrini Ukraynaya göndərmələrini istəyib.
“Rafale” qırıcılarının hazırlanması vaxt tələb edir. Təlim, hazırlıq və digər proseslər lazımdır. Lakin “Mirage” təyyarələrindən dərhal istifadə etmək mümkündür. Avropa bu məsələdə bizə kömək edə bilər. Xahiş edirəm, bu qərarı qəbul edin”, - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna 2025-ci ilin noyabrında Fransa ilə 100 ədədə qədər “Rafale” qırıcısının tədarükünə dair niyyət məktubu imzalayıb. Lakin bu təyyarələrin tədarükü uzunmüddətli perspektivə planlaşdırılıb.
Ukrayna Hərbi Hava Qüvvələri hazırda Fransanın verdiyi “Mirage 2000-5” qırıcılarından istifadə edir. Ukraynalı pilotlar bu təyyarələrlə Rusiyanın qanadlı raketlərinə və PUA-larına qarşı ələkeçirmə tapşırıqları yerinə yetirir, həmçinin AASM “Hammer” idarəolunan bombaları ilə yerüstü hədəflərə zərbələr endirirlər.
Zelenski yeni qırıcılarla yanaşı, mövcud təyyarə parkının əməliyyat fəaliyyətini davam etdirə bilməsi üçün kifayət qədər döyüş sursatının təmin edilməsinin də vacibliyini vurğulayıb.
“Ukraynanın güclü hava qüvvələrinə ehtiyacı var. Hazırda istifadə etdiyimiz təyyarələr üçün də kifayət qədər döyüş sursatına ehtiyacımız var. Gəlin bunu prioritetə çevirək”, - deyə Ukrayna prezidenti bildirib.
Ukraynanın “Defense Express” nəşrinin 2026-cı ilin oktyabrında dərc etdiyi qiymətləndirməyə görə, Ukrayna Hərbi Hava Qüvvələrinin inventarında olan F-16 və “Mirage 2000” qırıcılarının ümumi sayı sovet dövründən qalma MiQ-29 və Su-27 təyyarələrinin sayını ötüb.
Həmin qiymətləndirmədə Ukrayna qırıcılarının sentyabr ayında təxminən 1300 hava hücumundan müdafiə uçuşu həyata keçirdiyi də bildirilib.
Sevinc Əliyeva Ordu.az

Report+1 mənbə