Ukrayna Kerç körpüsünə hücum zamanı öz rabitə sistemindən istifadə edib


Ukrayna Müdafiə Qüvvələri noyabrın 17-də Kerç körpüsünə endirilən birgə zərbə zamanı ABŞ-nin “Starlink” və “Starshield” sistemləri əvəzinə öz rabitə sistemindən istifadə edib.
Ordu.az xəbər verir ki, bu barədə “The Times” əməliyyatın planlaşdırılmasında iştirak edən ukraynalı zabitə istinadən məlumat yayıb.
Əməliyyat Ukraynanın “SpaceX” şirkətinin peyk şəbəkələrindən asılı olmadan mürəkkəb zərbə tapşırıqlarını yerinə yetirmək imkanını nümayiş etdirib.
“Tarixdə ilk dəfə olaraq bütün bu PUA-lardan raketlərə video siqnallar ötürmək üçün istifadə etdik. Bu, onlara körpünün konkret nöqtələrini vurmağa imkan verdi. Biz belə əməliyyatları “Starlink” olmadan da həyata keçirə biləcəyimizi nümayiş etdirdik”, - deyə mənbə nəşrə bildirib.
Alternativ rabitə sistemindən istifadə müvəqqəti işğal altında olan Ukrayna əraziləri üzərində “Starshield” sisteminin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər fonunda baş verib.
Nəşrlə danışan və məsələ barədə məlumatlı olan digər mənbənin sözlərinə görə, zərbənin məqsədlərindən biri də Donald Tramp, Vladimir Putin və Si Cinpinin Çində keçirilməsi gözlənilən görüşü ərəfəsində Rusiyanın zəifliyini nümayiş etdirmək olub.
Noyabrın 16-17-də Ukrayna Müdafiə Qüvvələri Kerç körpüsünə qarşı “Neptun”, “Flaminqo”, “Ruta” və “Palyanitsa” da daxil olmaqla, 11 növ raket və PUA-dan istifadə etməklə birgə zərbələr həyata keçirib.
İlk mərhələdə PUA-larla Rusiya hava hücumundan müdafiə sistemlərinə və digər hərbi obyektlərə hücum edilib. Bu mərhələnin məqsədi keçidin müdafiəsini zəiflətmək və önləyici raket ehtiyatlarını tükəndirmək olub. Bundan sonra körpüyə raket zərbələri endirilib.
Zərbələr nəticəsində körpünün avtomobil yolu hissəsinin tağ konstruksiyası və yol aşırımlarından biri suya çöküb.
Sevinc Əliyeva Ordu.az