Türkiyə Müdafiə Nazirliyinin 2027-ci il büdcəsi 1,53 trilyon lirə olaraq təklif edilib


Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Müdafiə Nazirliyinin 2027-ci il büdcəsi üçün 1 trilyon 532 milyard 647 milyon 499 min lirə məbləğində vəsait ayrılmasını təklif edib.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında nazirliyin və tabeliyindəki qurumların 2027-ci il büdcəsi ilə bağlı təqdimatında bildirib.
Gülər Türkiyənin müdafiə imkanlarının gücləndirilməsi, Türkiyə Silahlı Qüvvələrinin əməliyyat ehtiyaclarının qarşılanması və hərbi inventarın modernləşdirilməsi istiqamətində görülən işlər barədə danışıb.
Nazir 2027-ci il üçün büdcə təklifinin bütün qənaət tədbirləri və vəsaitlərdən səmərəli istifadə prinsipləri nəzərə alınmaqla hazırlandığını bildirib.
“Bu çərçivədə bütün qənaət tədbirləri və səmərəli istifadə prinsipləri nəzərə alınmaqla hazırladığımız 1 trilyon 532 milyard 647 milyon 499 min lirə məbləğində 2027-ci il büdcə təklifini və 2025-ci ilin yekun hesabını diqqətinizə təqdim edirəm”, - deyə Gülər bildirib.
O, nazirliyə ayrılacaq vəsaitlərin şəxsi heyətin ehtiyaclarının qarşılanması, hərbi inventarın modernləşdirilməsi, logistika infrastrukturunun gücləndirilməsi və beynəlxalq missiyaların səmərəli icrası baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
Gülər nazirliyin büdcəsindən istifadə zamanı tətbiq edilən qənaət tədbirləri nəticəsində 2024-cü ildən indiyədək ümumilikdə 15 milyard lirə qənaət edildiyini açıqlayıb. Bu məbləğin təxminən 40 faizinin döyüş sursatlarının təkrar emalı, 39 faizinin isə yerli və milli istehsal hesabına əldə olunduğunu bildirib.
Nazirliyin tabeliyindəki hərbi zavodlarda texniki xidmət, təmir, istehsal və yeniləmə işlərinin davam etdiyini deyən Gülər, tədarükündə çətinlik yaranan material və sistemlərin milli imkanlar hesabına istehsal olunduğunu qeyd edib.
Gülər KAAN, HÜRJET, KIZILELMA, ALTAY, “Polad Günbəz” və müasir dəniz platformalarının Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsində mühüm yer tutduğunu vurğulayıb.
“KAAN, HÜRJET, KIZILELMA, ALTAY, “Polad Günbəz” və müasir dəniz platformalarımız kimi davam edən, eyni zamanda müttəfiqlərimizin də maraqla izlədiyi və tələbat göstərdiyi layihələrimiz əməliyyat ehtiyaclarımızı qarşılamağa yönəlmiş kompleks modernləşdirmə yanaşmamızın tərkib hissəsidir”, - deyə nazir bildirib.
Gülər hərbi gəmiqayırma zavodlarında milli gəmilərin və sualtı qayıqların inşası, texniki xidməti, təmiri və modernləşdirilməsi işlərinin də davam etdiyini bildirib.
O, qlobal təhlükəsizlik mühitindəki dəyişikliklərə diqqət çəkərək bir çox ölkənin hərbi imkanlarını inkişaf etdirmək üçün müdafiə büdcələrini artırdığını deyib. Müasir silah sistemləri ilə yanaşı, ixtisaslı şəxsi heyətin, güclü müdafiə sənayesinin və logistika infrastrukturunun da hərbi çəkindirmə baxımından əhəmiyyət daşıdığını qeyd edib.
Gülər Türkiyənin müdafiə sahəsində əldə etdiyi texnoloji nailiyyətlərin dayanıqlı istehsal və güclü logistika infrastrukturu ilə dəstəklənəcəyini bildirib.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə
