“Türkiyənin müdafiə büdcəsi 1,53 trilyon lirə təşkil edəcək” - Yaşar Gülər


Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 2027-ci il üçün Müdafiə Nazirliyinin büdcə təklifinin 1 trilyon 532 milyard 647 milyon 499 min lirə olduğunu açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Yaşar Gülər Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında nazirliyin 2027-ci il büdcəsi ilə bağlı təqdimatı zamanı danışıb.
Gülər Türkiyənin strateji mövqeyi baxımından regional və qlobal təhlükəsizliyə birbaşa təsir göstərən hadisələrin yaşandığı mühüm coğrafiyanın mərkəzində yerləşdiyini bildirib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi, İsrailin qonşu ölkələrə hücumları, eləcə də ABŞ və İsrailin İrana hücumları nəticəsində başlayan müharibə təhlükəsizlik risklərinin artdığını və münaqişələrin daha geniş ərazilərə yayıldığını göstərir.
“Bütün bu hadisələr ölkəmizin müdafiə və təhlükəsizlik siyasətini qabaqlayıcı, çoxşaxəli və dəyişən şərtlərə sürətlə uyğunlaşan yanaşma ilə həyata keçirməyimizi zəruri edir”, - deyə Gülər bildirib.
O, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə fəal diplomatiyanı güclü hərbi çəkindirmə ilə dəstəklədiklərini, Türkiyənin hüquq və maraqlarının qorunmasına, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verdiklərini deyib.
Nazir ölkə sərhədlərinin çoxqatlı təhlükəsizlik sistemi ilə qorunduğunu vurğulayıb. Bu tədbirlərin səmərəliliyi və hərbçilərin səyləri sayəsində sərhədlərdə fəaliyyətlərin uğurla davam etdirildiyini bildirib.
Gülər Türkiyənin uzun illərdir mübarizə apardığı terror təhlükəsinin aradan qaldırılmasının milli təhlükəsizliklə yanaşı, ictimai sabitlik, birlik, həmrəylik və gələcək nəsillərin rifahı baxımından tarixi əhəmiyyət daşıdığını qeyd edib.
“Qəhrəman təhlükəsizlik qüvvələrimizin qətiyyətli mübarizəsi nəticəsində əldə olunan nailiyyətlər prezidentimizin rəhbərliyi və Milliyyətçi Hərəkat Partiyasının sədri cənabının güclü dəstəyi ilə həyata keçirilən “Terrorsuz Türkiyə” prosesinə yol açıb”, - deyə nazir bildirib.
Gülər prosesin əsas məqsədinin terrorun ölkənin gündəmindən birdəfəlik çıxarılması olduğunu vurğulayıb.
“Bu istiqamətdə parlamentimizin üzərinə götürdüyü məsuliyyət və böyük səs çoxluğu ilə qəbul etdiyi müvafiq qanun da dönüş nöqtəsi təşkil edib”, - deyə o bildirib.
Nazir Milli Həmrəylik və Bütövləşmə Koordinasiya Şurasının müvafiq alt komitələrlə işlərini sıx əlaqələndirmə şəraitində davam etdirdiyini deyib. Onun sözlərinə görə, qarşıdakı dövrdə ən mühüm məsələ ortaya qoyulan iradənin real nəticələrə çevrilməsidir.
Gülər sözlərini belə davam etdirib:
“İlk növbədə PKK/KCK başda olmaqla terror təşkilatı ilə əlaqəli bütün strukturlar və qurumlar silahlarını yerə qoyaraq tamamilə ləğv edilməli, prosesin tələb etdiyi öhdəliklər sürətlə yerinə yetirilməlidir. Bu çərçivədə Suriyadakı silahlı terror strukturlarının da mərkəzi dövlət qurumlarına inteqrasiyası ölkənin ərazi bütövlüyünün qorunması və terror təşkilatlarının fərqli adlar altında fəaliyyət göstərməsinin qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır. Bununla bağlı hadisələri Suriya hökuməti ilə sıx koordinasiya şəraitində diqqətlə izləyirik. Eyni şəkildə, qonşumuz İraqın mərkəzi hökuməti və İraq Kürdüstan Regional Rəhbərliyi ilə də ortaq təhlükəsizlik maraqlarımızın qorunması istiqamətində əməkdaşlıq edirik. Yekun məqsədimiz həm ölkəmizdə, həm də yaxın ətrafımızda terror təşkilatlarının mövcudluğunun tamamilə aradan qaldırıldığı, sərhədlərin təhlükəsiz olduğu və insanların bölgədə əmin-amanlıq şəraitində yaşadığı təhlükəsizlik mühitinin yaradılmasıdır”.
Gülər terrorla mübarizədə həyatını itirən şəhidlərin və qazilərin fədakarlıqlarının bu gün müzakirə olunan məqsədlərin arxasında dayandığını bildirib.
Şəhid və qazi ailələrinin, qazilərin və xidməti vəzifələrini yerinə yetirərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial və şəxsi hüquqlarının daha da yaxşılaşdırılması istiqamətində işlərin davam etdiyini deyən nazir bu sahədə Ailə və Sosial Xidmətlər Nazirliyinin koordinasiyası ilə tədbirlər görüldüyünü qeyd edib.
“Onların həyatın bütün sahələrində qarşılaşdıqları problemləri həll etmək və ailələrimizin rifahını artırmaq üçün dövlətimizin imkanları çərçivəsində Ailə və Sosial Xidmətlər Nazirliyimizin koordinasiyası ilə işlərimizi davam etdiririk. Avqust ayında parlamentimiz tərəfindən qəbul edilən müvafiq qanunla bu istiqamətdə daha bir mühüm addım atılıb. Dövlətimiz dəyərli qazilərimizin, başımızın tacı olan şəhid və qazi ailələrimizin hər zaman yanındadır və bundan sonra da onların yanında olacaq”, - deyə Gülər bildirib.
Nazir Türkiyənin “Mavi Vətən” və “Göy Vətən”də hüquq və maraqlarının qorunması istiqamətində fəaliyyətlərin beynəlxalq hüquq və milli maraqlar çərçivəsində davam etdirildiyini vurğulayıb.
Yunanıstanla münasibətlərdə mövcud problemlərin dialoq yolu ilə həllini, qarşılıqlı etimadın inkişaf etdirilməsini və Egey dənizinin sülh və əməkdaşlıq məkanına çevrilməsini istədiklərini bildirən Gülər, Yunanıstanın Egey və Şərqi Aralıq dənizində birtərəfli addımlarına qarşı diplomatik və hərbi tədbirlər gördüklərini deyib.
O, Kipr türklərinin qanuni hüquqlarının qorunmasının əsas prioritetlərdən biri olduğunu qeyd edib.
“Bu istiqamətdə Cənubi Kipr Rum Administrasiyasının xarici dəstəklə təsirini artırmağa və Kipr türklərinin maraqlarını nəzərə almayan fəaliyyətlərinə qarşı ölkəmizin və soydaşlarımızın hüquqlarını qətiyyətlə müdafiə edir, baş vermiş fakt qarşısında qalmağa imkan vermirik”, - deyə nazir bildirib.
Gülər Türkiyənin müdafiə və təhlükəsizlik siyasətinin yalnız ölkə sərhədlərinin qorunması ilə məhdudlaşmadığını, geniş coğrafiyanı əhatə edən məsuliyyət sahəsinə malik olduğunu bildirib.
Bu çərçivədə Azərbaycanla qarşılıqlı etimad əsasında hərbi əməkdaşlığın gücləndirildiyini deyən nazir Ermənistanla Azərbaycan arasında sülh prosesini yaxından izlədiklərini qeyd edib.
“Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yaxından izləyir, davamlı sülhün Cənubi Qafqazda sabitliyi, nəqliyyat və ticarət əlaqələrini, eləcə də iqtisadi əməkdaşlığı inkişaf etdirəcəyinə inanırıq”, - deyə Gülər bildirib.
Nazir Suriyanın təhlükəsizliyi və sabitliyinin Türkiyənin milli təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu vurğulayıb. Suriya ilə imzalanmış Birgə Təlim və Məsləhətləşmə Memorandumu çərçivəsində, ilk növbədə terrorla mübarizə sahəsində, Suriya ordusunun müdafiə və təhlükəsizlik imkanlarının inkişaf etdirilməsinə, şəxsi heyətin hazırlanmasına töhfə verdiklərini bildirib.
Gülər yekun məqsədin Suriyanın öz təhlükəsizliyini təmin edə bilən və terror təşkilatlarının fəaliyyətinə imkan verməyən sabit struktura qovuşması olduğunu qeyd edib.
“Bununla yanaşı, İsrailin Suriyaya hücumlarını qəbuledilməz hesab edirik. Türkiyə olaraq bundan sonra da Suriyanın suverenliyinə, ərazi bütövlüyünə, siyasi birliyinə və sabitliyinə dəstəyimizi qətiyyətlə davam etdirəcəyik”, - deyə nazir bildirib.
Gülər son illərdə həyata keçirilən təşəbbüslər və tərəflər arasında qurulan əməkdaşlıq nəticəsində Liviyada sahədə böyük ölçüdə sakitliyin əldə olunduğunu deyib. Onun sözlərinə görə, Türkiyə ilə Liviya arasında Şərqi Aralıq dənizində dəniz yurisdiksiyası sahələrinin sərhədlərinin müəyyənləşdirilməsini nəzərdə tutan 2019-cu il tarixli Anlaşma Memorandumunun ötən ay Nümayəndələr Palatasında yekdilliklə təsdiqlənməsi və Türkiyənin əleyhinə qəbul edilmiş digər siyasi qərarların ləğvi görülən işlərin konkret nəticəsidir.
Nazir Somalidə isə silahlı qüvvələrin imkan və bacarıqlarının inkişaf etdirilməsi üçün hərbi təlim və məsləhət fəaliyyətlərinin həyata keçirildiyini bildirib.
Gülər Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan Məkkə Birgə Müdafiə Sazişinin regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın gücləndirilməsi baxımından mühüm addım olduğunu qeyd edib.
O, əməkdaşlığın heç bir ölkəni hədəf almadığını, qarşılıqlı təhlükəsizliyə, müdafiəyə və sülhün qorunmasına xidmət etdiyini bildirib. Sazişin eyni məqsədləri bölüşən digər regional aktorların da iştirakına və töhfələrinə açıq olduğunu vurğulayıb.
Gülər parlamentin sazişi qəbul etməsinin regional sülh və təhlükəsizliyin təmin olunması istiqamətində işlərin səmərəli həyata keçirilməsinə imkan yaradacağını deyib.
“Məkkə Müdafiə Alyansı çərçivəsində dostlarımızla həmrəyliyimizi gücləndirərək regional sülh və sabitliyə töhfə verməyə davam edəcəyik. Bu fürsətdən istifadə edərək Yəməndəki qruplar tərəfindən Səudiyyə Ərəbistanının mühüm enerji infrastrukturuna, hava limanlarına və müqəddəs Məkkə şəhərinə qarşı həyata keçirilən hücumları qətiyyətlə pislədiyimizi, Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və ərazi bütövlüyünə dəstəyimizi bir daha vurğulamaq istəyirəm. Oktyabrın 21-də dost və müttəfiq ölkələr Pakistan, İndoneziya və Qətərlə imzaladığımız, digər adı “Bədr Memorandumu” olan Müdafiə Sənayesi Əməkdaşlığı Memorandumu ilə də müdafiə sənayesi sahəsində çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirməyi və ortaq təhlükəsizlik imkanlarımızı gücləndirməyi hədəfləyirik”, - deyə nazir bildirib.
NATO məsələsinə toxunan Gülər Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının, əməliyyat təcrübəsinin və birgə əməliyyat imkanlarının alyansın effektivliyində mühüm yer tutduğunu vurğulayıb.
Türkiyənin NATO-nun transformasiyasına töhfə verməyə və müttəfiqləri ilə sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirən nazir alyansın müdafiə xərclərinin 2035-ci ilədək ümumi daxili məhsulun 5 faizinə çatdırılması hədəfi istiqamətində işlərin davam etdiyini deyib.
Onun sözlərinə görə, bu hədəfin 3,5 faizi hərbi imkanlara, əsas müdafiə ehtiyaclarına və təhlükəsizliklə bağlı xərclərə, 1,5 faizi isə kritik infrastruktura, mülki hazırlıq və dayanıqlılığın təmin edilməsinə, müdafiə sənayesi infrastrukturunun gücləndirilməsinə ayrılacaq.
Gülər 2025-ci ildə Türkiyənin müdafiə xərcləri daxilində əsas silah sistemlərinə yönəldilən xərclərin payının 35,8 faiz təşkil etdiyini bildirib.
Rusiya-Ukrayna müharibəsinin regiona və dünyaya təsirini davam etdirdiyini deyən nazir Türkiyənin sülhə yönəlmiş vasitəçilik təşəbbüsləri ilə yanaşı, müharibənin yaratdığı təhdidlərə qarşı da mühüm məsuliyyətlər daşıdığını qeyd edib.
Gülər bildirib ki, dənizdə sürüklənən mina təhlükəsinə qarşı 2024-cü ildən etibarən Bolqarıstan və Rumıniya ilə birlikdə yaradılmış MCM BLACK SEA missiya qrupu çərçivəsində minaya qarşı tədbirlər həyata keçirilir. Əməliyyatların əhatə dairəsinin kritik sualtı infrastrukturu da əhatə edəcək şəkildə genişləndirilməsi üçün müttəfiqlərlə sıx koordinasiya aparılır.
“Bundan əlavə, ticarət gəmilərinə və dəniz nəqliyyatına qarşı artan təhdidlər fonunda gəmiçiliyin, insanların həyatının və ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün dəniz yurisdiksiyamızdakı tədbirləri artırır, dəniz və hava vasitələrimizlə kəşfiyyat, müşahidə və təhlükəsizlik fəaliyyətlərini fasiləsiz həyata keçiririk”, - deyə nazir bildirib.
İsrail və ABŞ-nin İrana hücumları ilə başlayan, İranın isə üçüncü ölkələri hədəf alması ilə genişlənən münaqişənin regional və qlobal sabitlik üçün ciddi risklər yaratdığını deyən Gülər gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
“Prioritetimiz regionda gərginliyin daha da artmasının qarşısını almaq, problemləri hərbi üsullar əvəzinə diplomatiya və dialoq yolu ilə həll etməkdir. ABŞ ilə İran arasında bir müddətdir davam edən diplomatik təmasları daimi atəşkəsin əldə edilməsi və münaqişələrin tamamilə dayandırılması baxımından dəyərli hesab edirik”, - deyə o bildirib.
Nazir münaqişələrin dayandırılması ilə yanaşı, Hörmüz boğazında dəniz ticarətinin təhlükəsizliyinin və sərbəst gəmiçiliyin beynəlxalq hüquq, qarşılıqlı etimad əsasında fasiləsiz təmin edilməsinin qlobal enerji təchizatının davamlılığı baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
“Türkiyə olaraq tərəflər arasında dayanıqlı danışıqlar mühitinin yenidən yaradılmasını dəstəkləyir, regionun yeni münaqişə mərhələsinə sürüklənməsini istəmirik”, - deyə Gülər bildirib.
İsrailin siyasətinə toxunan nazir bu ölkənin Qəzzada və regionun digər ərazilərindəki hərbi əməliyyatlarını tənqid edib.
“İsrailin soyqırım və ekspansionist siyasəti, vəhşilik səviyyəsinə çatan təcavüzkarlığı regionu xaosa sürükləyir”, - deyə Gülər bildirib.
O, Qəzzadakı münaqişələrin dayandırılması üçün indiyədək atılan müxtəlif addımların İsrailin hücumlarını davam etdirməsi səbəbindən istənilən nəticəni vermədiyini deyib.
“Buna görə də beynəlxalq mexanizmlər tərəfindən daha təsirli və çəkindirici tədbirlərin sürətlə tətbiq edilməsi böyük əhəmiyyət daşıyır. Regionda davamlı sülh və sabitliyin təmin olunması üçün İsrail Livana qarşı hücumlarına da dərhal son qoymalı, Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Türkiyə olaraq beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun şəkildə hərtərəfli atəşkəsin təmin edilməsini zəruri hesab edir, Livanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, - deyə nazir qeyd edib.
Gülər müdafiə və təhlükəsizlik sahəsində baş verən hadisələrin güclü müdafiə sənayesinə sahib olmağı zəruri etdiyini bildirib. Prezidentin rəhbərliyi ilə müdafiə sənayesində həyata keçirilən sıçrayışlar nəticəsində Türkiyənin güclü sənaye ekosisteminə sahib olduğunu, ordunun isə imkan və gücünü artırdığını deyib.
“Xüsusilə KAAN, HÜRJET, KIZILELMA, ALTAY, “Polad Günbəz” və müasir dəniz platformalarımız kimi davam edən, eyni zamanda müttəfiqlərimizin də maraqla izlədiyi və tələbat göstərdiyi layihələrimiz əməliyyat ehtiyaclarımızı qarşılamağa yönəlmiş kompleks modernləşdirmə yanaşmamızın tərkib hissəsidir. Müdafiə sənayesində çatdığımız bu yüksək səviyyəni daha da irəli aparmaq üçün milli texnologiyalarımızı dayanıqlı istehsal şəbəkəsi, güclü logistika və infrastrukturla dəstəkləməyə davam edəcəyik”, - deyə Gülər bildirib.
Nazir hərbi zavodlarda döyüşə hazırlıq səviyyəsini ən yüksək həddə saxlamaq üçün texniki xidmət, təmir, istehsal və yeniləmə işlərinin aparıldığını, tədarükündə çətinlik yaranan material və sistemlərin milli imkanlarla istehsal edildiyini bildirib.
O, hərbi gəmiqayırma zavodlarında, ilk növbədə “Tepe” sinfinə məxsus hava hücumundan müdafiə esminesi olmaqla, strateji əhəmiyyətli milli gəmilərin və sualtı qayıqların inşası, texniki xidməti, təmiri və modernləşdirilməsi işlərinin davam etdiyini deyib.
“Eurofighter” təyyarələrinin tədarükü çərçivəsində Böyük Britaniya ilə təyyarələrin istehsalı, texniki xidmət və istismar infrastrukturunun yaradılması istiqamətində prosesin planlı şəkildə davam etdiyini bildirən Gülər F-16 təyyarələrinin modernləşdirilməsi və tədarükü, eləcə də F-35 alınması istiqamətində təşəbbüslərin də ölkənin milli təhlükəsizlik ehtiyacları və müvafiq beynəlxalq proseslər çərçivəsində davam etdirildiyini vurğulayıb.
Gülər mina təmizləmə fəaliyyətlərinin də böyük əhəmiyyət daşıdığını qeyd edib.
“Bu istiqamətdə ilk növbədə sərhəd xəttində həyata keçirdiyimiz humanitar məqsədli mina təmizləmə işləri ilə müasir və effektiv sərhəd təhlükəsizlik sistemlərinin qurulmasına, sərhəd-keçid məntəqələrinin imkanlarının artırılmasına, kənd təsərrüfatı və heyvandarlıq sahələrinin istifadəyə açılmasına, beynəlxalq ticarətin inkişafına töhfə veririk”, - deyə nazir bildirib.
O, Türkiyə Silahlı Qüvvələrinin bulud texnologiyaları layihəsi çərçivəsində rəqəmsal infrastruktur və informasiya texnologiyaları imkanlarının inkişaf etdirildiyini də qeyd edib.
“Milli Texnologiya Həmləmiz istiqamətində əməliyyat, kəşfiyyat və təlim sahələrində süni zəkanın istifadəsini genişləndirərək kiber məkanımızın və kritik hərbi informasiya infrastrukturumuzun təhlükəsizliyini, ordumuzun rəqəmsal təhdidlərə qarşı hazırlıq səviyyəsini və əməliyyat effektivliyini artırırıq. Kimyəvi, bioloji, radioloji və nüvə müdafiəsi sahəsində də işlərimizi diqqətlə həyata keçirir, bu çərçivədə yerli və milli KBRN müdafiə məhsullarının hazırlanması üçün elmi-tədqiqat və infrastruktur layihələrinə, eləcə də bu sahədə mütəxəssislərin yetişdirilməsinə böyük əhəmiyyət veririk”, - deyə Gülər bildirib.
Nazir hazırda qlobal güc balansının yenidən formalaşdığını, ilk növbədə Avropa olmaqla bir çox ölkənin müdafiə büdcələrini artıraraq hərbi imkanlarını gücləndirmək üçün genişmiqyaslı addımlar atdığını bildirib.
Gülər müdafiəyə ayrılan vəsaitlərin real hərbi gücə çevrilməsinin yalnız müasir silah və sistemlərin alınması ilə mümkün olmadığını vurğulayıb. Onun sözlərinə görə, bunun üçün ixtisaslı insan resursları, institusional təcrübə, güclü müdafiə sənayesi, eləcə də effektiv və çəkindirici əməliyyat imkanları lazımdır.
“Bir çox ölkənin imkanlarını inkişaf etdirməyə çalışdığı bu sahələrdə Türkiyə yerləşdiyi coğrafiyanın təhlükəsizlik şərtləri, yüksək hərbi təcrübəsi və vaxtında həyata keçirdiyi uzaqgörən investisiyalar sayəsində mühüm təcrübə və imkanlar əldə edib. Bundan sonra da məqsədimiz Türkiyə Əsri vizyonumuz istiqamətində, ilk növbədə müdafiə və təhlükəsizlik olmaqla, bütün sahələrdə daha güclü və daha böyük Türkiyəni birlikdə qurmaqdır. Bu çərçivədə nazirliyimizə ayrılacaq vəsaitlər şəxsi heyətin ehtiyaclarının qarşılanması, inventarın modernləşdirilməsi, logistika infrastrukturunun gücləndirilməsi və beynəlxalq missiyaların səmərəliliyi baxımından böyük əhəmiyyət daşıyır”, - deyə nazir bildirib.
Gülər büdcənin müdafiə prioritetləri istiqamətində, dövlət vəsaitlərindən səmərəli istifadə edilməklə ölkənin təhlükəsizliyi üçün ən uyğun şəkildə qiymətləndiriləcəyini deyib.
“Bu çərçivədə bütün qənaət tədbirləri və səmərəli istifadə prinsipləri nəzərə alınmaqla hazırladığımız 1 trilyon 532 milyard 647 milyon 499 min lirə məbləğində 2027-ci il büdcə təklifini və 2025-ci ilin yekun hesabını diqqətinizə təqdim edirəm. Nazirliyimizə ayrılan büdcədən istifadə zamanı qənaət tədbirlərinə maksimum riayət edilməsi nəticəsində 2024-cü ildən indiyədək təxminən 40 faizi döyüş sursatlarının təkrar emalından, 39 faizi isə yerli və milli istehsaldan əldə olunmaqla ümumilikdə 15 milyard lirə qənaət təmin edilib. Nəticə etibarilə büdcəmizə göstərəcəyiniz dəstək gələcəyə daha böyük əminliklə baxacaq ölkəmizin müdafiə iradəsinin də ifadəsi olacaq”, - deyə Gülər bildirib.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə
