Tokio "Dünyanın ən çox arzulanan" şəhəri seçilib, Yaponiya isə ölkələr kateqoriyasında ikinci yeri tutub


Tokio, "Wanderlust" oxucularının səyahət mükafatları (Wanderlust Reader Travel Awards) 2026-da "Ən çox arzulanan şəhər" kateqoriyasında Qızıl mükafata, Yaponiya isə ölkələr kateqoriyasında Gümüş mükafata layiq görüldü.
1993-cü ildə əsası qoyulan "Wanderlust" Böyük Britaniyanın ən qədim səyahət jurnalıdır. Artıq 25-ci ildir ki, keçirilən illik "Oxucuların səyahət mükafatları" müsabiqəsi oxucuların bəyəndiyi səyahət istiqamətlərini və şirkətlərini mükafatlandırır.
2026-cı il buraxılışında 251 461 oxucu ölkələr, şəhərlər, adalar, regionlar, tur operatorlar və səyahət brendlərini əhatə edən 25 kateqoriya üzrə 8,2 milyondan çox səs verib.
Tokio 2025-ci ildə ikinci yeri tutduqdan sonra yenidən zirvəyə qayıdıb. Şəhər 2024-cü ildə də bu titulu qazanmışdı; ötən ilin qalibi Buenos-Ayres isə bu il ikinci yerə enib.
Yaponiya ölkələr kateqoriyasında bu il Kosta-Rikadan sonra ikinci yerə düşüb.
"Wanderlust" Tokionu daim inkişaf edən və zəngin məzmuna malik bir şəhər kimi təsvir edib. Jurnal, ziyarətçiləri şəhərin ən izdihamlı rayonlarından kənardakı ərazilərə yönəldən yeni görməli yerləri və layihələri xüsusi vurğulayıb.
Bunların arasında qalereyalar və müxtəlif əyləncə məkanlarını özündə birləşdirən "Azabudai Hills" kompleksi, həmçinin Şinagava yaxınlığındakı keçmiş dəmir yolu deposunun yerində salınmış yeni "Takanawa Gateway City" rayonu yer alır.
Sonuncu layihə çərçivəsində "MoN Takanawa: Hekayələr Muzeyi"nin (Museum of Narratives) açılması ilə daha bir mədəni məkan əlavə olunub.
Jurnal həmçinin dörd illik təmir işlərindən sonra "Edo-Tokio Muzeyi"nin yenidən açılmasını qeyd edərək, bunu məşhur bir məkanın geri dönüşü kimi təqdim edib.
Tokio bu kateqoriyada uzun müddətdir ki, uğurlu nəticələr göstərir. "Wanderlust" qeyd edir ki, şəhərin özünü yeniləmək bacarığı, köhnə görməli yerlərini qoruyub saxlamaqla yanaşı, ziyarətçilərə kəşf etmək üçün yeni məkanlar təqdim edir.
Yaponiya digər bir neçə kateqoriyada da yer alıb: Hokkaydo dünyanın ən çox arzulanan regionları arasında 10-cu olub. Ölkə həmçinin "mədəniyyət və irs" kateqoriyasında ikinci, qastronomiya sahəsində isə dördüncü yeri tutub.
Reportyor.az
MARAQLI / KARUSEL
Tarix: Bu gün, 12:03
