“Süni intellekt əmək bazarında qorxuya çevrilməməlidir”.
AzEdu.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə IV “Maarifçi” tələbə-məzun forumunda panel müzakirəsi zamanı deyib.
O bildirib ki, süni intellektin həm gələcəyin, həm də bugünkü əmək bazarına təsiri dünyada geniş müzakirə olunur və bu proses artıq Azərbaycanda da başlayıb.
Ramal Quluzadənin sözlərinə görə, hər bir ölkənin əmək bazarı onun iqtisadiyyatının xüsusiyyətlərinə və tələblərinə uyğun formalaşır. Buna görə də süni intellektin tətbiqi zamanı ölkənin iqtisadi ehtiyacları və ixtisaslı kadr tələbatı nəzərə alınmalıdır.
Agentlik rəsmisi qeyd edib ki, yeni texnologiyaların meydana çıxması tarixən əmək bazarında müəyyən narahatlıqlar yaradıb. O, elektrik enerjisinin kəşfini nümunə göstərərək bildirib ki, vaxtilə küçələrin qaz lampaları ilə işıqlandırılmasına cavabdeh olan şəxslər elektrik enerjisinin onların iş yerlərini əvəz edəcəyindən ehtiyat edirdilər. Lakin bu yenilik nəticəsində çoxsaylı yeni peşələr və fəaliyyət sahələri yaranıb, fərqli bacarıqlara ehtiyac formalaşıb.
R.Quluzadə vurğulayıb ki, hazırda süni intellektlə bağlı da oxşar narahatlıqlar müşahidə olunur. Onun sözlərinə görə, texnologiyanın əmək bazarında düşünülməmiş tətbiqi və insan faktorunun nəzərə alınmaması gözlənilən nəticəni verməyə bilər.